Qarsız bir London qışında bostanda nə iş ola bilər ki: təbiət yuxudadır, məhsul çoxdan dərilib, əkin vaxtına da hələ var.
Amma həm bu şəhərdə, həm də bütün Britaniyada milyonlarla entuziast bostançı artıq yanvar ayından yeni mövsümə hazırlaşmağa başlayıblar. Təkcə dekabr-yanvar aylarında ixtisaslaşmış mağazalarda təqribən 2 milyard funtluq inventar, toxum, fidan və gübrələr satılıb.
Britaniyalıları bostançılıqla bu qədər aktiv məşğul olmağa nə məcbur edir?
İngiltərə bostançıları
Ölkənin bütün böyük və orta şəhərləri bostan sahələriylə əhatə olunub. Londonda və ətrafında yerli şuraların idarəçiliyində olan təxminən 100 min bostan sahəsi var. Şəhər kənarında torpaq sahəsi götürmək istəyənlər şuralara müraciət edirlər. Belələrinin sayı çox olduğu üçün bəzən illərlə növbə gözləmək lazım gəlir.
Bu torpaq sizə aid deyil, amma orda müxtəlif bitkilər əkib məhsul götürsəniz, icarə müddətini sonsuza qədər uzatmaq haqqınız var.
İcarə haqqı yerli standartlara görə çox kiçikdir – ildə cəmi 40-70 funt arası. Təqaüdçülər bu pulun yarısını ödəyirlər.
İngiltərədə bostançılıq ənənəsi kraliça Viktoriya dövründə formalaşıb.
İlk bostan sahələri 1860-cı illərdə əvvəlcə Mançesterdə, sonra Londonda salınıb. O zaman bu işlə daha çox entuziastlar, qatı vegetarianlar və puritan diggerlər sektasının üzvləri məşğul olublar.
Diggerlər, yəni qazmaçılar XVII əsrdə – İngiltərə inqilabı dövründə meydana gəliblər. Qazmaçılar torpağı Allahın hədiyyəsi hesab edir, onun xüsusi mülkiyyətə çevrilməsinə qarşı çıxır, kasıbları ümumi torpaqlarda bostan əkməyə çağırırdılar.
“Qələbə üçün qazın”
Bostançılıq məşğuliyyət növü olaraq daha çox İkinci Dünya müharibəsi illərində populyarlaşıb, çünki dəniz blokadası ucbatından ölkədə qida çatışmazlığı vardı.
Həmin illərdə Britaniya hökuməti “Qələbə üçün qazın” kampaniyası başlatmışdı – məqsəd bostanların sayını artırmaqla müharibə dövründə ərzaq idxalından asılılığı azaltmaq idi.
Hökumət ərzaq problemi olan hər kəsə parklarda, bağlarda və istifadə olunmayan torpaqlarda bostan salmağı təklif etmişdi.
Həmin dövrdə məşhur Hayd-Park və digər açıq ərazilər kələm və kök əkilmiş ləklərlə dolmuşdu.
Kral ailəsinin üzvləri Britaniya əhalisinə nümunə göstərirdilər – kraliça II Yelizaveta və bacısı şahzadə Marqaret Vindzor malikanəsindəki bostanda lək qazır, toxum əkirdilər.
Maraqlıdır ki, hətta bu gün də Londonda bostan sahələri var. Məsələn, mənim bostanım şəhərin şimal hissəsindəki Haygeyt-Vud meşəsinin ortasında yerləşir.
Doğrudur, o, yamacın tikinti üçün əlverişsiz hissəsindədir, amma əminəm ki, bu fakt inşaatçıların gözünü qorxutmazdı, axı şəhərin bu hissəsində 150 kv.m-lik sahənin qiyməti 300 min funtdur.
Amma 1961-ci ildə qəbul edilmiş qanuna görə, bostan yerləri ticarət dövriyyəsinə aid edilə bilməz.
Bostanda iş alətlərini saxlamaq üçün balaca bir anbar tikmək, hamak asmaq və piknik üçün yay mebeli qoymaq olar. Amma yaşamaq və hətta gecələmək belə qadağandır. Bostanların çoxunda su olsa da, elektrik xətti yoxdur.
Aqrotexniki nailiyyətlər
Britaniyalılar bostanlarında ən çox nə əkirlər – ilk növbədə və ən çox karof (xüsusilə də əslən İrlandiyadan olanlar).
Nisbətən unudulmuş bostan bitkiləri, məsələn, qış kələminin bir növü olan yarpaqşəkilli keyl kələmi son illərdə xeyli populyarlaşıb. Bir zamanlar kasıblar bu bitkini qış çörəyi adlandırırdılar, çünki keyl yanvar-fevral aylarında – un ehtiyatları tükənən ərəfədə yetişir.
Əvvəllər ancaq heyvan yemi hesab edilən çuğundurun müxtəlif növləri də çox məşhurdur.
Son dövrlərdə britaniyalılar ənənəvi bostan bitkilərini qeyri-ənənəvi üsullarla yetişdirməyə başlayıblar. Məsələn, mənim qonşularımdan biri çiyələyi plastik silindrlərdən hazırlanmış və məcburi damcılı suvarma sistemi olan qüllədə yetişdirir.
Bostançıların ənənəvi birliklərinə seçki yoluyla formalaşdırılan şuralar rəhbərlik edir. Eyni zamanda, mütəmadi olaraq təsdiqlənən katib də işlərə nəzarət edir. Hər il iyul ayında “Açıq gün” keçirilir, həmin gün bostançılar öz səylərinin nəticələrini nümayiş etdirir, toxum və fidan mübadiləsi aparırlar.
Mənim anbarım hündürlüyü boyumu keçmiş çəhrayı kollarla əhatə olunub. Bu kollar özbaşına yetişir, fevralda onları bir qədər səliqəyə salmaq və gübrə vermək lazımdır, vəssalam. Bu kiçik əməyin müqabilində onlar az qala qışa qədər sizi ağ qızıgülləriylə mükafatlandırırlar.
Bir müddət əvvəl yaxınlarımın israrıyla bostanımda yasəmən əkdim. Yasəmən mayda çiçək açır və çox gözəl ətir verir. Amma İngiltərədə onu gül hesab etmirlər, buralarda yasəmən çox da populyar deyil.
Xiyar və kartof istisna olmaqla, mən, demək olar ki, tərəvəz yetişdirmirəm, çünki ilbizlərlə mübarizə aparmaqdan yorulmuşam.
Bunun əvəzinə üç növ (qara, qırmızı, ağ) qarağat, moruq və hibrid böyürtkən yetişdirirəm. Bostanımda iki alma ağacı da var, amma meyvələri çox turşdur.
Ən böyük qürur yerim bir neçə il əvvəl əkdiyim əncir ağacıdır. İl yaxşı gələndə 15-20 şirin meyvəsi olur.
Əsas məsələ onları quşlardan gizlətməkdir. Buraların ən qarınqulu quşu yaşıl parakit tutuquşusudur, axşamlar bostanlara hücum çəkib açıqda olan hər şeyi məhv edir.
Yanvarda işim çox olur – əvvəldən tədarük etdiyim peyini qarağat ləklərinə tökürəm. Londonda torpaq çox yavandır, əsasən quru gildən ibarətdir, çətin qazılır.
Amma üzvi maddələrlə qarışdıranda əla zəmin yaranır. Bu il mən qarağat yetişdirməklə bağlı vacib bir sirr öyrəndim – sən demə, bu giləmeyvə nişastanı çox sevirmiş. Ona görə görə də artıq kartof qabıqlarını atmıram.
Son 50 ildə Britaniyada bostançılıq həm yüksəliş, həm də eniş dövrləri yaşayıb. Bu prosesdə bir qanunauyğunluq müşahidə olunur: həyatlarının gərgin dönəmlərində insanlar meditasiyanın bu qəribə növünə daha çox meyllənirlər.