2023-cü ildə dünyada milyarderlərin sayı və onların aktivlərinin həcmi azalsa da, Qərbin sanksiyalarına baxmayaraq rusiyalı zənginlərin sayı və aktivlərinin dəyəri artıb.
Rusiyalı milyarderlərin sayı 88-dən 110-a, sərvətləri isə 353-dən 505 milyard dollara yüksəlib.
Builki “Forbes”in milyarderlər siyahısına daxil edilən 110 ən zəngin rusiyalıdan 46-sı Avropa İttifaqı, ABŞ və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb.
Ən varlı rusiyalı və eyni zamanda dünyanın 58-ci ən varlı adamı indi Andrey Melniçenkodur, onun sərvəti bir ildə iki dəfədən çox artaraq 25,2 milyard dollara çatıb. Bu, onun qurduğu, süni gübrə istehsalı ilə məşğul olan “EuroChem” in dəyərinin artması sayəsində mümkün olub.
“Ukraynada müharibə başlayandan sonra Rusiya iqtisadiyyatının bu sektorunda təsirli artım qeydə alınıb”, – deyə “Forbes” şərh edir.