25 C
Baku
Wednesday, September 10, 2025

Qətər Dohaya hücumla bağlı İsrailə cavab veriləcəyini açıqlayıb

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İsrailin Dohada HƏMAS rəhbərlərinə qarşı həyata keçirdiyi hücuma cavab veriləcəyini bildirib.

O, bu barədə CNN-ə verdiyi müsahibədə danışıb.

Al Tani veriləcək cavabın bölgə tərəfdaşları ilə müzakirə olunacağını qeyd edib.

O vurğulayıb ki, bu müzakirələr ətrafında yaxın gələcəkdə Dohada zirvə görüşünün keçirilməsi planlaşdırılır. Baş nazir görüşlə bağlı dəqiq tarix səsləndirməyib.

Al Tani həmçinin bildirib ki, Qətər Qəzzada atəşkəs üçün İsraillə HƏMAS arasında vasitəçi kimi öz rolunu və HƏMAS-ın gələcəkdə Qətərdə mövcudluğunu tam şəkildə yenidən dəyərləndirir.

O, İsrailin Baş naziri Binyamin Netanyahunu Yaxın Şərqi xaosa sürükləməkdə və Qətərin vaxtını boşa sərf etməkdə günahlandırıb, İsrailin səmimi şəkildə danışıqlar aparmadığını düşündüyünü ifadə edib.

Baş nazir əlavə edib ki, İsrailin hava zərbəsi nəticəsində qətərli rəsmilər yaralanıb və onların vəziyyətləri kritikdir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər