Qətərin “Al Baladi Holding” şirkəti Azərbaycanda tikintisi sahəsinə maraq göstərir.
Bunu Bakıda səfərdə olan “Al Baladi Holding” şirkətinin icraçı direktoru Hani Al Sayyadi jurnalistlərə açıqlamasında deyib.
“Biz Azərbaycanda ilk öncə qida və içki sahəsinə investisiya yatırmağı planlaşdırırıq. Bununla yanaşı şirkətimiz tikinti sektoruna maraq göstərir. Qeyd etmək istərdim ki, “Al Baladi Holdings” şirkəti təkcə Azərbaycanda deyil, Avropa və Yaxın Şərq kimi regionlarda da “Green Capital Managament” ilə əməkdaşlıq edəcək”, – o qeyd edib.
Xatırladaq ki, bu gün Bakıda Azərbaycan sərmayəsi ilə BƏƏ-də təsis edilmiş “Green Capital Management” şirkəti ilə “Al Baladi Holding” şirkəti arasında Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Sazişə əsasən, Bakıda yeni iş yerlərinin yaradılmasını nəzərdə tutan şəbəkələrin açılması üçün təxminən 5 milyon ABŞ dolları həcmində sərmayə yatırılacaq.
Bu sazişin imzalanması “Green Capital Management” ilə qida, pərakəndə satış və qonaqpərvərlik sahələrində fəaliyyət göstərən nüfuzlu “Al Baladi Holding” arasında tərəfdaşlığın başlanğıcını ehtiva edir. Onlar birlikdə “Go Crispy” və “Tea Time” franşizalarının 27 ölkədə genişləndirməyə və qarşıdakı illərdə 405-dən çox yeni filial açmağı planlaşdırırlar.
1989-cu ildə Qətərdə təsis edilmiş “Souq Al Baladi Group” qida və içki, pərakəndə satış, elektron ticarət və qonaqpərvərlik kimi sektorlarda fəaliyyət göstərən tanınmış Qətər konqlomeratıdır.