Qətər və Bəhreyn diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Qətər Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu barədə qərar Bəhreyn-Qətər Komitəsinin aprelin 12-də Ər-Riyadda keçirilən ikinci iclasında qəbul edilib. Xatırladaq ki, ölkələr 2017-ci ildə diplomatik əlaqələri kəsiblər.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
“Hər iki tərəf təsdiqləyib ki, bu addım ikitərəfli münasibətləri inkişaf etdirmək, inteqrasiyanı təşviq etmək və Körfəz ölkələrinin birliyini gücləndirmək istəyindən irəli gəlir”, – mesajda deyilir.
Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir 2017-ci ilin yayında Qətərlə diplomatik əlaqələri kəsib. Ölkələr Dohanı terrorizmi dəstəkləməkdə və onların daxili işlərinə qarışmaqda ittiham edib. Onlar həmçinin Qətərə qarşı iqtisadi sanksiyalar qoyublar. 2021-ci ilin yanvarında Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir Qətərlə diplomatik münasibətləri bərpa etmək, nəqliyyat blokadasını ləğv etmək və fikir ayrılıqlarını aradan qaldırmaq üçün saziş imzalayıb.