Azərbaycanın xarici ölkələrdə ticarət evlərinin yaradılması müsbət nəticələr verir, yerli məhsullarımızın ixracı təşviq edilir, “Made in Azerbaijan” brendinin tanıdılması, məhsullarımızın satışının təşkili və əlaqələndirilməsi işi uğurla həyata keçirilir.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə səfəri çərçivəsində Azərbaycan Ticarət Evinin açılışında iştirak edib. Bu, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən sayca 13-cü ticarət evidir.
Ticarət Evində Azərbaycanın 20-dən çox şirkətinin 600-ə yaxın növdə məhsulları – meyvə və tərəvəzlər, quru meyvələr, milli xörəklər, çay, mürəbbə, meyvə şirələri, mineral sular, limonadlar, konserv məhsulları, bitki yağları, süd və süd məhsulları, qənnadı məmulatları, gigiyenik məhsullar və s. nümayiş olunur. Ticarət Evində Azərbaycanın zəngin mətbəxini təqdim edən restoran fəaliyyət göstərir.
M.Cabbarov qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Qətər əlaqələri uğurla inkişaf etdiyini və Ticarət Evinin fəaliyyətinin Azərbaycanla Qətər arasında yeni işgüzar təşəbbüslərin və iqtisadi əlaqələrin stimullaşdırılması baxımından faydalı olacağını vurğulayıb.
Qətərin “United Development Company” səhmdar şirkətinin prezidenti İbrahim Cassim Al Osman, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov Dohada Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının iqtisadi tərəfdaşlığın inkişafında, işgüzar əlaqələrin genişlənməsində əhəmiyyətini qeyd ediblər.
Tədbirdə Qətərin Ticarət və Sənaye, Xarici İşlər nazirliklərinin, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, iş adamları da iştirak ediblər.