Bakıda orta məktəb şagirdinin ölümü, onun atasının isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası törətmiş vəzifəli şəxs həbs edilib.
Yasamal Rayon Məhkəməsində 8-ci sinif şagirdi Nurlan Bağışovun ölümü ilə nəticələnən qəzanı törədən Azərbaycan Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin Texniki dəstəkləmə şöbəsinin rəisi, 1988-ci il təvəllüdlü Vəli Məmmədova hökm oxunub. Məhkəmənin 5 yanvar 2023-cü il tarixli hökmü ilə vəzifəli şəxsə 5 il 1 ay müddətinə həbs cəzası verilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyi bildirilib və məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, N.Bağışov 20 nömrəli məktəb-liseyin 8-ci sinif şagirdi olub. Hadisədən sonra onun yaxınları hadisənin Vəli Məmmədov tərəfindən yox, onun həyat yoldaşı tərəfindən törədilməsini iddia ediblər. İstintaq zamanı bu iddia təsdiqini tapmayıb.