23 C
Baku
Friday, April 26, 2024

Qaçqın köçü nə üçün lazımdır?

DÜNYADA BU QƏDƏR problemlərin olduğu bir vaxtda nə üçün Əfqanıstan məsələsi və qaçqın problemi bir nömrəli gündəmə çevrildi? Bu problem nə üçün Türkiyəni ciddi narahat edir? Bu problem nə üçün həm də Avropanı, Rusiyanı və hər bir ölkəni ciddi narahat edir?

Əvvəla, nə qədər yeni koronavirus variantları, virusun yeni mutasiyaları ortaya çıxsa da, bu virus bir neçə ilə səngiyəcək. Bunu hər kəs bilir. İndi dünyanı düşündürən əsas məsələ post-pandemiya dövründə necə bir dünya olacaq sualıdır. Ölkələr də öz strategiyalarını bu istiqamətdə müəyyənləşdirirlər. Lakin, post-pandemiya dövründə dünyanın bir çox iqtisadi güc mərkəzlərini, ayrı-ayrı ölkələrini peyvəndi olmayan, iqtisadi inkişafa ciddi mane olan, ölkə daxilində stabilliyi təhdid edən qaçqın probleminin ola bilmə ehtimalı daha çox narahat edir. Narahat edən digər bir məqam da budur ki, ABŞ rəhbərlərinin açıqlamalarından göründüyü kimi, Əfqanıstandan ABŞ qoşunlarının çıxması ilə vətəndaş müharibəsinin olması gözlənilirdi. Taliban və Əfqan ordusu arasında. Bu olmadı. Səbəbini öncəki məqaləmdə qeyd etmişdim. Qısası, ABŞ-ın ölkəni Talibana təhvil verməsini əfqan ordusu da, hakimiyyət də anladığı üçün müqavimətin mənasız olduğunu dərk etdi. Haşiyə: Pəncşir əyalətində Əhməd Məsudun müqavimət hərəkatı bu yazının mövzusu olmadığından toxunmuram.

Bəs vətəndaş müharibəsinin olması nə verəcəkdi? Daha böyük qaçqın köçü. Çünki, aeroport indiki vəziyyətdə olmayacaqdı.

Bəs qaçqın köçü nə üçün lazımdır? Növbəti bir neçə ay ərzində Əfqanıstan dünyaya qaçqın ixrac edəcəkdi (Talibanla anlaşmalar olmasa böyük ehtimalla qaçqın köçü davam edəcək). Nizamsız qaçqın köçü isə təhlükəlidir. Bunu immiqrasiya ilə qarışdırmaq böyük səhv olardı. İmmiqrasiya (green card daxil digər proqramlar) immiqrantı yoxlayır, araşdırır, sonra ölkəyə qəbul edir. Bu cür nizamsız qaçqın köçü zamanı isə ölkəyə terroristlər, radikallar da, cinayətkarlar da gələ bilər. Həmin şəxslərin kimlərin maraqlarına xidmət etdikləri həmin şəxslərin açıq fəaliyyətə keçmələri ilə aydın olur. Çox dərin məsələləri yazmadan bir faktı qeyd edim ki, 2010-cu il ərəb baharında Tunis, Yəmən, Liviya, Misirdə olan hadisələrdə 2001-ci ildə ABŞ-ın İraq və Əfqanıstan müharibəsi nəticəsində həmin ölkəyə qaçqın statusunda gedən radikallar daha çox rol oynadı, nəinki yerli əhali. (həmin radikallar həm ciddi təbliğat apararaq özlərinə tərəfdarlar toplamışdılar, həm də qığılcım rolunu oynamışdılar. Xalq sonra səhnəyə gətirildi). Yazılarımda dəfələrlə qeyd edirdim ki, Türkiyənin Suriya məsələsində rolu ən çox da Avropanın özü üçün bir töhfə oldu. Türkiyə həm bufer oldu, həm də həmin qaçqınları çətinliklə də olsa həzm etməyə çalışdı. Lakin, indi Türkiyə konkret olaraq mövqeyini ortaya qoydu. Bir qaçqın üçün belə əlavə imkan və yerimiz yoxdur.

Əfqan qaçqınları məsələsinin kökündən həlli Əfqanıstanın özündədir. Bu isə dilemmadır. Bir çox ölkələr Talibanı tanımadıqlarını bildirir (məsələn, Kanada. Əmindir ki, ora nizamsız qaçqın köçü mümkün deyil), digər tərəfdən isə Talibanla əlaqələrin vacibliyini bildirirlər ki, ölkədə insan faciəsi yaşanmasın. Yenə Türkiyə incə manevr siyasəti yürütməyə məhkumdur.

İndi isə keçək bəzi güclərin qaçqın ixracını dəstəkləmək arzusunu üzə çıxaran məqamlara. Hər şeyin kökündə psixoloji təbliğat dayanır. Taliblərin qəddarlığı haqqında təbliğat, yaşanan insanlıq dramı (əvvəldən bəlli olan bu vəziyyəti yaratmamaq da olardı, 2001-ci ildə bu qədər qəddar olan Talibana hakimiyyəti təslim etməmək də). Müxtəlif səhnələr. Qadınların vəziyyəti. Taliblərin onların hamısından intiqam alacağı ilə bağlı mesajlar və sair. (İŞID-ın nə dərəcədə qorxulu olması ilə bağlı HD formatda studiyada çəkilən baş kəsmə səhnələrini xatırlayırsınız yəqin). Təbliğatən əsas məqsədi isə budur ki, dünya bu qaçqın köçünə qarşı çıxa bilməsin. Demokratiya, insan haqları var. Bu vəziyyətin yaranması deyil, qaçqınların mütləq digər ölkələrdə qaçqın mərkəzləri qurularaq qəbul olunması cidd-cəhdlə təbliğ və hətta israr olunur.

Lakin, ortada bir həqiqət var. Bir problemi yaradıb həllini başqa bir ölkəyə dövr etmək bir dəfə oldu (Suriya məsələsi), keçdi. Heç bir ölkənin hazırda bu yükün altına girmək imkanı yoxdur, belə bir riskə də yol vermək istəmir. Başqa ölkə vətəndaşlarının insan haqları, humanistlik ali dəyərlərdir, amma ən ali dəyərlər deyildir. Ən ali dəyər hər ölkədəki sarsılmaz dövlətçilikdir. Dövlətçilik, ölkədəki stabillik, iqtisadi balans üçün azacıq risk daşıyan hər hansı bir məsələ hansısa dəyər, imic, təbliğat altında yeridilməsindən asılı olmayaraq qəbul olunmazdır. Elə Avropa dövlətlərinin özləri də daxil olmaqla Türkiyənin də, digər ölkələrin də mövqe və narahatlıqlarının bu amillər olduğu aydındır.

Elman Sadıqov 
İqtisadçı-ekspert

elman sadiqov

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər