“Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nın və “Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin siyahısı”nın tətbiqi qaydaları təsdiqlənib.
Banker.az xəbər verir ki, Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qaydalar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün işəgötürənlərin iş yerlərində tətbiq edilir.
Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların müəyyən olunmuş istehsalatlarda, vəzifələrdə (peşələrdə), yeraltı işlərdə və istehsalat amilləri olan iş yerlərində çalışdığı müəyyən edildikdə qadının hamiləliklə bağlı fizioloji vəziyyəti və uşağının bir yaşınadək olması ilə əlaqədar hallar aradan qalxdıqda işəgötürən tərəfindən işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əsas vəzifəsi (peşəsi) üzrə orta əməkhaqqı saxlanılmaqla yüngül işə keçirilməsi təmin edilməlidir. Bu halda hamilə və ya bir yaşına çatmamış uşağı olan qadın hamiləliyini təsdiq edən tibbi rəyi və ya uşağın doğum haqqında şəhadətnaməsini işəgötürənə təqdim edir.
Qərarla Qaydaların tətbiq edilməsi şərtləri də müəyyənləşir.
İşəgötürən 1 nömrəli Siyahıya əsasən işçilərinin çalışdığı iş yerləri üzrə hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısını müəyyənləşdirməli və kollektiv müqaviləyə daxil etməlidir. Kollektiv müqavilənin bağlanılmadığı hallarında isə bu siyahı müəyyən edilərək işəgötürənin qərarı (əmri, sərəncamı) ilə rəsmiləşdirilir.
2 nömrəli Siyahı ilə müəyyən edilmiş zərərli istehsalat amillərinin səviyyəsi iş yerlərinin attestasiyasının nəticələrinə əsasən buraxıla bilən həddi keçdikdə və yaxud əmək prosesi amilləri hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların sağlamlığına təhlükə yaratdıqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.5-ci bəndi ilə müəyyən edilmiş “Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi”ndə bu iş yerlərində hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqinin qadağan edilməsi barədə attestasiya komissiyası tərəfindən müvafiq qeyd aparılır.
Bu Qaydalar hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum səviyyəsini müəyyən edir və onların pisləşdirilməsinə yol verilmir.
Kollektiv müqavilələrlə, kollektiv müqavilənin bağlanılmadığı hallarında isə əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları arasında razılaşmalarla bu Qaydalar ilə müəyyən edilmiş təminatlardan daha yüksək təminatlar müəyyən edilə bilər.