Qahirədə inkişaf etməkdə olan İslam ölkələrinin daxil olduğu D8 qrupunun Xarici İşlər Nazirləri Şurasının 21-ci iclası keçirilib. Toplantı dekabrın 19-da “Gənclər üçün sərmayə və KOB-ların dəstəklənməsi. Sabahın iqtisadiyyatının formalaşdırılması” mövzusunda baş tutacaq sammitə hazırlıq məqsədi daşıyıb.
İclasda Misir D8 qrupuna sədrliyi Banqladeşdən qəbul edib.
Misir XİN-in rəhbəri Bədr Əbdulati çıxışında qeyd edib ki, sammitin keçirilməsi mühüm vaxta təsadüf edir. Belə ki, dünyada və regionda hazırda gərgin şərait hökm sürür və görünməmiş iqtisadi çağırışlar baş verir. Bildirib ki, bu çağırışlar birbaşa inkişaf etməkdə olan dövlətlərə təsir edir. Misirli nazir Yaxın Şərq regionunda yaranmış çağırışlarla və problemlərlə bağlı məsələlərin də sammitdə müzakirə ediləcəyini diqqətə çatdırıb.
Misirli nazir D8 qrupuna üzv dövlətlər arasında gələcək əməkdaşlığın perspektivlərinə toxunaraq bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin, iqtisadiyyat və ticarət sahələrində yeni əməkdaşlıq imkanlarının üzə çıxarılmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda, özəl sektorun inkişafı, investisiyaların təşviqi sahələrində əməkdaşlığın zəruriliyini də diqqətə çatdırıb.
Qeyd edək ki, D8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadi əməkdaşlığına yardım məqsədi ilə yaradılıb. Hazırda qrupa üzv dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya və Türkiyədir. Misir ötən ilin mayından D8-ə sədrlik edir.