Qana ölkənin milli valyutası sedinin əhəmiyyətli dərəcədə ucuzlaşması səbəbindən yanacaq və emal olunmuş neft məhsullarının idxalını qızıl külçələrlə ödəməyi planlaşdırır.
Bu barədə bazar günü Qana vitse-prezidenti Mahamud Bavumiya məlumat verib.
Onun sözlərinə görə, yanacaq ödənişlərinin qızıla çevrilməsi həm də Qananın 6.6 milyard dollara düşmüş valyuta ehtiyatlarını qorumaq məqsədi daşıyır.
Qeyd edək ki, Qana Afrikada ən böyük qızıl istehsalçısı, dünyada isə altıncıdır. BMT-nin məlumatına görə, 2021-ci ildə ölkə 117 metrik ton qızıl hasil edib.
Qanada neft hasilatı hazırda gündə təxminən 173 min barel təşkil edir, lakin ölkədəki sonuncu neft emalı zavodu 2017-ci ildə bağlanıb. Nəticədə Qana indi tamamilə benzin, dizel və digər emal olunmuş neft məhsullarının idxalından asılıdır.
Ötən ay Qanada inflyasiya illik hesablamada 40.4%-ə çatıb ki, bu da milli valyutanın ucuzlaşmasına səbəb olub. Ölkə hökuməti Beynəlxalq Valyuta Fondu ilə 3 milyard dollarlıq maliyyə dəstəyi proqramı ilə bağlı məsləhətləşmələr aparır.