Qana fond bazarı dünya analoqları arasında ən yaxşı artım göstəricilərinə malikdir, bu barədə ticarət məlumatlarına istinadən “Bloomberg” yazır. Hökumət 2022-ci il defoltundan sonra xərcləri azaltmağa və borcunu yenidən strukturlaşdırmağa çalışdığı üçün Afrika ölkəsinin bazarı inflyasiya və borclanma xərclərinin azalması fonunda böyüyür.
“Bloomberg”in hesablamalarına görə, Qana fond bazarının 32 şirkətdən ibarət “GSE Composite” indeksi 2025-ci ilin əvvəlindən yerli valyutada 23%-dən çox dəyər qazanıb. Bu, agentliyin izlədiyi qlobal indekslər arasında ən yüksək göstəricidir. Dollar ifadəsində qazanc “MSCI Frontier Emerging Markets” indeksinin gəlirindən dörd dəfə çox olmaqla 17,4% təşkil edib.
Artım baxımından ikinci yerdə Polşa fond bazarıdır. Varşava birjasının əsas indeksi olan “WIG” 20 ilin əvvəlindən 20,9% dəyər qazanıb. Kolumbiya birjasında ən böyük şirkətləri izləyən “MSCI COLCAP” indeksi 17,9% bahalaşıb və üçüncü sırada yer alıb. Sloveniyanın “SBITOP” indeksi 17,2%, Praqa birjasısının “PX” indeksi isə 16% artımla müvafiq olaraq dörd və beşinci yerdə qərarlaşıb.
2022-ci ildə borc öhdəliklərini yerinə yetirmədikdən və Beynəlxalq Valyuta Fondundan (BVF) 3 milyard dollar kredit aldıqdan sonra Qananın hekayəsi investorların gözündə uğur hekayəsinə çevrilib. Bu, milli valyutanın devalvasiyasını cilovlamağa və inflyasiyanın təxminən yarıya qədər – 22,4%-ə endirməyə kömək edib. 2024-cü ilin dekabrında keçirilən seçkilərdə qalib gələn Qana prezidenti Con Mahama iqtisadiyyatı “yenidən başlatmağa” söz verib və büdcə kəsirini demək olar ki, yarıya qədər azaltmağı planlaşdırır.
“Bloomberg” yazır ki, digər Afrika ölkələri ilə müqayisədə Qana bazarı kiçikdir. Agentlik “GSE Composite Index”in kapitallaşmasını təxminən 7,4 milyard dollar səviyyəsində qiymətləndirir. Müqayisə üçün qeyd edək ki, Cənubi Afrikada “FTSE JSE All Share Index”in kapitallaşması 1 trilyon dollar, Nigeriyada isə “NGX All Share Index” 35 milyard dollardır.
Eyni zamanda Con Mahamanın biznesin vergi yükünü azaltmaq üzrə tədbirləri bazara vəsait axınını artırır. Bundan əlavə, Qana səhmləri ABŞ prezidenti Donald Trampın idxal tariflərindən əhəmiyyətli dərəcədə qorunur. “Bloomberg” qeyd edir ki, Qana birjasında siyahıya alınmış şirkətlərin ABŞ bazarına çox az ixracı var.