6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Qanun pozuntusu aşkarlanarsa, “Araz Supermarket” nə qədər cərimələnər?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti açıqlama yaydı ki, reklam bazarında araşdırmalara başlayıb.

Belə ki, bir neçə gün öncə Azərbaycanda böyük pərakəndə mağazalar şəbəkəsinə malik “Araz Supermarket” MMC Yeni il üçün “ən sərfəli market” olması ilə bağlı tirajlanan yazılar bu bazarda bir neçə mağazalar şəbəkəsi tərəfindən narazılıqla qarşılanıb.

Antiinhisar Dövlət Xidməti deyir ki, Monitorinqlər zamanı kütləvi informasiya vasitələrində “Business İnsight” şirkəti tərəfindən bayram səbəti üçün ən ucuz supermarketlər şəbəkəsinin müəyyən olunması məqsədilə araşdırmanın aparıldığı və nəticədə Yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən marketin “Araz Supermarketlər” şəbəkəsi olması barədə “Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” başlığı altında reklam xarakterli məlumatın yayımlandığı müəyyən edilib.

“Bununla əlaqədar qeyd olunan məlumatın antiinhisarreklam qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün Dövlət Xidməti tərəfindən araşdırmaya başlanılıb” -deyə, press-relizdə bildirilir.

Ötən gün bu hadisəyə görə, “Bravo” və “Rahat” supermarket şəbəkələri “Business İnsight” şirkətinin “Yeni il bayramı səbəti üçün ən ucuz supermarketlər şəbəkəsini müəyyən edən” araşdırmasına etiraz etmişdilər.

Hüquq üzrə ekspert Əkrəm Həsənov bildirir ki, “bu Dövlət Xidmətinin hansısa xidmətlə məşğul olması məni sevindirir. Çünki qurumlar arasında ən fəaliyyətsizlərdən biridir… Bu yaxınlarda ora kifayət qədər tanınmış və peşəkar rəhbər gəlib. Ümid edirəm, onun gəlişi ilə bu qurumda müsbət dəyişikliklər müşahidə ediləcək.

Əgər supermarket yalan reklam edirsə, yoxlasınlar, çıxarsınlar üzə və hamı da görsün”.

Ə.Həsənov qeyd edir ki, bu təkcə bu sahədə deyil, digər sahələrdə də belə qayda pozuntuları mövcuddur.

“Bunu daha çox və sistemli şəkildə etmək lazımdır” deyə hüquqşünas bildirir.

Dövlət Xidməti qanunun pozulmasını təsdiq edərsə, hansı tədbirlərə əl ata bilər?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Araz Supermarket” və “Business İnsight”ı qanun pozuculuğunu aşkar edərsə onu inzibati xəta törətmiş kimi təsdiqləyə bilər.

Belə ki, bununla “Reklam haqqında” qanunu pozmuş sayılır. Bu qanuna görə isə haqsız, qeyri-dəqiq və gizli reklama yol verən reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır.

İXM-in 428-ci maddəsinə görə isə bu reklam haqqında qanunvericiliyin pozulması deməkdir.

Maddə 428. Reklam haqqında qanunvericiliyin pozulması

428.1. Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə- hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

428.2. Reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam” yaxud “reklam hüququ əsasında” qeydi olmadan verilən gizli reklama görə – hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

428.3. Haqsız, qeyri-dəqiq və gizli reklamın mənfi nəticələrinin qarşısının alınması və aradan qaldırılması üçün reklam fəaliyyətinin subyektlərinə (reklamvericiyə, reklam istehsalçısına və reklam yayıcısına) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən müddətdə həmin reklamın təkzib edilməməsinə və ya təkzibin yayımlama şərtlərinə əməl edilməməsinə görə – hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Oxşar xəbərlər