Qanunsuz gəlirə uyğun maliyyə sanksiyaları tətbiq ediləcək.
Bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində əksini tapıb.
Layihəyə əsasən, bu Məcəllənin tələblərinin pozulmasına yol verilməklə həyata keçirilən iqtisadi fəaliyyət nəticəsində əldə olunan gəlir qanunsuz gəlir hesab olunacaq.
Rəqabət komissiyası tərəfindən maliyyə sanksiyalarının müəyyən edilməsi zamanı qanunsuz gəlirin məbləğinin tətbiqi nəzərdə tutulan maliyyə sanksiyasından çox olduğu aşkar edildikdə maliyyə sanksiyasının məbləği fərqə mütənasib olaraq artırılır və əldə edilən qanunsuz gəlirin 50 faizi həcmində əlavə maliyyə sanksiyası tətbiq edilir.
Yuxarıda nəzərdə tutulan əlavə maliyyə sanksiyası rəqabət orqanı tərəfindən aşağıdakı hallarda tətbiq edilmir:
– tələb olunan sənəd və məlumatlar bazar subyekti tərəfindən tam və vaxtında təqdim edildikdə;
– bazar subyekti işə baxılma zamanı rəqabət komissiyası ilə tam əməkdaşlıq etdikdə;
– tətbiq edilə biləcək maliyyə sanksiyasının bazar subyektinin maliyyə vəziyyətini ağırlaşdıra biləcəyi müəyyən edildikdə.
– əlavə maliyyə sanksiyası rəqabət qanunvericiliyinin pozulması nəticəsində qanunsuz gəlirin əldə olunmasına təkrar yol verən bazar subyektlərinə tətbiq edilmir.
Rəqabət komissiyası tərəfindən qanunsuz gəlir məbləğinin ödənilməsinə dair qərar verilənədək rəqabət qanunvericiliyinin pozulması nəticəsində zərər çəkən digər bazar subyektinə zərərinin əvəzi ödənildikdə qanunsuz gəlirin məbləği qaytarılan zərərə mütənasib olaraq azaldılır.