-1 C
Baku
Sunday, December 15, 2024

Qara bazarı kim yaradır?

Valyutadəyişmə məntəqələri bağlandıqdan sonra, valyuta mübadiləsi proseslərinin banklarda, onların filial və şöbələrində və başqa bir neçə aidiyyatı yerlərdə aparılmasına icazə verildi. Belə hesab olunurdu ki, valyuta dəyişmək istəyənlər, bunu artıq başqa yerlərdə deyil, yalnız banklarda və  icazə verilən digər yerlərdə edə biləcəklər.

Ancaq islahatdan 2 aydan bir qədər artıq vaxt keçməsinə baxmayaraq, bu sahədə vəziyyət hələ ki, ürəkaçan deyil. Valyutadəyişmə məntəqələri bağlandıqdan sonra, valyuta alveri ilə məşğul olan möhtəkirlər, açıq şəkildə bankların və onların filiallarının qarşısında fəaliyyət göstərməyə başlayıblar.  Çünkü bu yer həmən möhtəkirlər üçün çox “münbit” bir yerdir. İndi insnlar valyuta mübadiləsi üçün, ilk növbədə, banklara və onların filiallarına üz tuturlar. Burada isə onlar iki təkliflə qarşılaşırlar: – bankın valyuta dəyişmək üçün verdiyi təklif və bankın qarşısında dayanan möhtəkirin verdiyi təklif. Təssüf ki, əksər hallarda, daha sərfəli olduğu üçün, mıhtəkirin təklifi keçərli olur.

Fikrət Yusifov, İqtisadçı
Fikrət Yusifov, İqtisadçı

Ümumiyyətlə, mövcud şəraiti kim yaradıb bu möhtəkirlərə? Nə üçün  möhtəkirlər bankların qarşısında bu qədər sərbəst fəaliyyət göstərə bilirlər? Nə üçün onların təklifi daha keçərlidir? Onlar ümumiyyətlə alıb satdıqları valyutanı haradan əldə edirlər? Bax bütün bu suallara bu gün Mərkəzi Bank və yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası cavab tapmalıdır. Valyutadəyişmə sahəsindəki bu vəziyyətin hər iki quruma,  daha çox isə Mərkəzi Banka bəlli olduğu heç şübhə doğurmur. Bəs onda nə üçün bu biabırçılığın aradan qaldırılması istiqamətində heç bir addım atılmır? Bu gün ölkənin bank-maliyyə sektorunda aparılan islahatların milli valyutanın  nüfuzunun bərpasına yönəldildiyi, dövlət başçısı tərəfindən bu məsələ ətrafında narahatlıqlar ifadə olunduğu və manatın nüfuzunun bərpasına yönəli ciddi qərarlar qəbul edildiyi  bir dönəmdə,

Mərkəzi Bankın mövcud vəziyyətə göz yumması başa düşülən deyil. Mərkəzi Bankın analitikləri başa düşməlidirlər ki, bu vəziyyəti ilk növbədə, baş bankın valyuta alqı-satqısı üçün müəyyən etdiyi 4%-lik (+;-) marja yaradır. Bu gün bankın qapısının ağzında dayanan möhtəkir marja ilə bağlı daha çevik qərarlar qəbul etməyi bacarır.  Yəni o, sadəcə olaraq, öz “marjasını” daha real bir səviyyədə – 1,0 – 1,5 və ən çoxu 2,0% səviyyəsində müəyyən edir. Bu möhtəkir 100 dollar alanda və ya 100 dollar satanda, ən çoxu 4 manat (2 manat alanda, 2 manat satanda) qazanır. Qapıdan içəridə, bankın valyutadəyişmə məntəqəsi isə müştəridən 100 dolları alanda və ya ona 100 dolları satanda 8 manat (4 manat alanda, 4 manat satanda) qazanır. Belə olan halda  müştəri bankdan 10 000 dolları alanda 400 manat itirirsə, bu  alışı bankın qapısının ağzında dayanmış möhtəkir vasitəsilə etdikdə, onun itkisi 2 dəfə az – yəni cəmisi 200 manat olacaq.

Müştəri eyni vəziyyətlə 10 000 dollar satmaq istəyəndə də üzləşəcək. Bax qara bazarı yaradan da budur. Əgər valyuta alış-verişi üçün bankın qapısının 2-3 metirliyində dayanmış möhtəkirin marja məsələsində göstərdiyi çevikliyi Mərkəzi Bank və ondan üzü aşağı bütün banklar göstərə bilsələr, onda küçədə dayanan və satdığı valyutanın hələ saxta olub olmaması bilinməyən möhtəkirə heç kim müraciət etməyəcəkdir.

Hesab edirik ki, maliyyə bazarında yaranmış bu vəziyyətə ilk öncə yeni təşkil edilmiş  Maliyyə Bazarlarına Nəzarət Palatası münasibət bildirməli və bu vəziyyətin dərhal aradan qaldırılması məqsədilə zəruri addımlar atmalıdır. Problemin həlli o qədər də çətin deyil. Valyuta möhtəkirlərinin müştəriyə təklif etdikləri “xidmət haqqını” (marjanı), bankların müştəriyə təklif etməsi kifayət edər ki, bankın qapısının ağzında lövbər salmış möhtəkir özünə başqa iş axtarmaq üçün oranı tərk etsin…

Fikrət Yusifov

 

 

Son xəbərlər
Digər xəbərlər