21 C
Baku
Thursday, October 10, 2024

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda real sektorla əməkdaşlığa üstünlük verəcək

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda real sektorla birbaşa əməkdaşlığa üstünlük verərək qeyri-neft sektorunun inkişafını və yerli istehsalı dəstəkləməklə əldə olunan nailiyyətlərə daha çox töhfə verə bilər.

Bunu dekabrın 16-da maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan QDTİB prezidenti İhsan Uğur Delikanlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı söyləyib.

Maliyyə Nazirliyindən bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə QDTİB arasında tərəfdaşlığın mövcud vəziyyəti və daha da genişləndirilməsi, bankın Azərbaycan üzrə hazırlayacağı 2015-2018-ci illər üçün ölkə strategiyasında prioritetlərin müəyyənləşdirilməsi və onların ölkənin sosial-iqtisadi siyasətinə uyğunlaşdırılması məsələləri müzakirə olunub.

Azərbaycanın cari iqtisadi vəziyyəti barədə qonaqları məlumatlandıran S.Şərifov 2014-cü il üzrə ümumi iqtisadi göstəricilərdən, hökumətin əsas inkişaf məqsədlərindən danışıb, qeyri-neft sektorunun inkişafının qarşıdakı illərdə də prioritet olaraq qalacağını qeyd edib.

Etibarlı tərəfdaşı kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində QDTİB-in bundan sonra da hökumət ilə uğurlu əməkdaşlıq edəcəyini vurğulayan İhsan Uğur Delikanlı bildirib ki, 2015-2018-ci illər üçün ölkə üzrə milli strategiyada maliyyə sektoruna ayrılan kreditlərin əsasən real sektora yönəldilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Onun sözlərinə görə, yerli istehsalın, kiçik və orta sahibkarlığın, ticarətin birbaşa maliyyələşdirilməsinə diqqət yetiriləcək.

Görüşdə həmçinin, Azərbaycan ilə QDTİB arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra QDTİB prezidenti Maliyyə Nazirliyinin muzeyi ilə tanış olub və xatirə kitabına ürək sözlərini yazıb.

AzərTAc

Son xəbərlər
Digər xəbərlər