Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) gələcəkdə də Azərbaycan manatı ilə istiqraz buraxa bilər.
Bunu Bankın baş katibi Aristotelis Spiliots bildirib.
O, bu barədə Bakıda keçirilən Azərbaycan-QDTİB biznes forumu çərçivəsində danışıb.
“Bizim üçün Azərbaycanın milli valyutasında istiqraz buraxılışı vacibdir. Hazırda bu istiqamətdə danışıqlar aparılmasa da, gələcəkdə emissiya həyata keçirilə bilər. Bu, bizim planlarımız sırasındadır”, – deyə A.Spiliots qeyd edib.
Xatırladaq ki, QDTİB 2019-cu ilin avqust ayında “Bakı Fond Birjası” QSC-də 10 milyon manatlıq – hər birinin nominal dəyəri 1 000 manat olmaqla 10 min istiqraz yerləşdirib. İstiqrazlara ümumi məbləği 81 milyon manat olan 63 sifariş verilib.
Qiymətli kağızlar 730 gün tədavüldə olub, sahiblərinə illik 9,25 % gəlir gətirib, faizlər rüblük ödənilib.
QDTİB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələri – Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və Yunanıstanın yaratdığı beynəlxalq maliyyə kredit təsisatıdır. Nizamnamə kapitalı 3,45 milyard avro olan Bankda Azərbaycan öz payını 2008-ci ildə 2 %-dən 5 %-ə çatdırıb.