7 C
Baku
Thursday, December 12, 2024

“Qara mühasibatlığ”a qarşı kart sistemi işə salınır

Radil Fətullayev: “Ölkəmizdə beynəlxlaq mühasibatlıq sisteminin şərtləri tətbiq edilməlidir”

Eldar Qocayev: “Əmək münasibətlərində bu cür üsulların tətbiqi şəffaflığın təmin edilməsi üçündür”

Rusiya Federasiyası əmək münasibətlərini şəffaflaşdıran daha bir metoda əl atıb. Belə ki, özəl şirkətlər də əmək haqqının ödənilməsində kart sisteminə keçir. Məqsəd vergidən yayınmanın və ikili mühasibatlığın aradan qaldırılmasıdır. Hətta o da bildirilir ki, işçi kartı verən bankı özü seçə bilər. “Qara mühasibatlığ”ın daha çox özəl şirkətlərin payına düşdüyünü nəzərə alsaq, oxşar praktikanın Azərbaycanda da tətbiqini məqbul sayanlar az deyil. Ancaq məsəəlyə fərqli yanaşan mütəxəssislər də var.

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin eksperti Radil Fətullayev bildirir ki, onsuz da Azərbaycandakı kommersiya mərkəzlərinin böyük əksəriyyəti kart sistemi ilə işləyir: “Amma heç də bütün əmək haqqını kartla vermirlər. Düzdür, kart sisteminə keçmək nağdsız hesablaşmaların artmasına gətirib çıxarır. Bu da ikili mühasibatlığı müəyyən səviyyədə aradan qaldıran amildir. Amma tam aradan qaldıra bilməz. Bu, dolayı həll yoludur. Odur ki, Rusiyada tətbiq edilən üsul Azərbaycanda da eyni effekt verə bilməz.

İşin əsas səbəblərini aradan qaldırmaq lazımdır. İkili mühasibatlığın tamam aradan qaldırılmasını başqa yolları da var. Bu, o qədər də çətin proses deyil. Bunun üçün ilk növbədə ölkəmizdə beynəlxlaq mühasibatlıq sisteminin şərtləri tətbiq edilməlidir. Bunlar da “Mühasibat uçotu haqqında” qanunda göstərilib. Amma bildiyimiz kimi, Azərbaycan beynəlxalq standartlara keçid şəraitindədir. Odur ki, dövlət hələlik bu şərtləri vergi ödəyicilərin üzərinə məcburi şəkildə qoymayıb. Bundan başqa, Vergilər Məcəlləsində son edilmiş dəyişikliyə görə, sadələşdirilmiş vergi dövriyyəsi 150 mindən manatdan 120 minə endirildi. Bunun nəticəsində kiçik sahibkarlar gəlir dövriyyəsini azaltmaq üçün müxtəlif yollar axtardılar. Fikrimcə, Azərbaycan kimi ölkədə həmin məbləğ 120 min yox, ən azı 500 min manat olmalıdır. Bununla da sadələşdirilmiş vergi ödəyiciləri daha çox vergi ödəyərlər. İkili mühasibatlığa o qədər də meyl etməzlər. Həmçinin, əmək haqqında vergi yükü çox olduğu üçün vergi ödəyiciləri vergidən yayınmaq istəyirlər. Bunu da “qara mühasibatlıq” yolu ilə edirlər. Yəni, sosial vergi yükü azaldılmalıdır. O zaman sahibkarlar işçilərlə əmək müqaviləsi bağlamaqda maraqlı olacaqlar. Eyni zamanda bu gün bazarda kifayət qədər faktorşik firmalar var. Onlar sənəd satmaq işi ilə məşğuldurlar. Bunlar da “qara mühasibatlığ”ın artmasına gətirib çıxarır”.

İqtisadi məsələlər üzrə hüquqşünas Eldar Qocayev  bildirdi ki, əmək münasibətlərində bu cür üsulların tətbiqi ən birincisi şəffaflığın təmin edilməsi üçündür: “Çünki, özəl şirkətlərin vergidən yayınmasının qarşısını alır. Ancaq söhbət ondan gedir ki, burada digər həvəsləndirici amillər olmalıdır. O zaman özəl şirkətlər ediləcək həmin dəyişikliyə həvəslə gedərlər. Çünki, özəl şirkətlərin ikili mühasibatlıqdan istifadə etməsinin əsas səbəblərindən biri onlara yanaşmanın ikili standartla olmasıdır. Dövlət qurumları tərəfindən özəl şirkətlərlə davranışda da şəffaflıq kifayət qədər təmin olunmalıdır. Yəni, Rusiyadakı üsulu ölkəmizdə də tətbiq etmək olar. Ancaq bunun üçün ilk növbədə özəl şirkətlərlə şəffaf rəftar da olunmalıdır. Əks təqdirdə əmək haqlarının kartla verilməsində də ikili mühasibatlığı qurmaq çətin məsələ deyil. Bütün üsulların əvvəlində onun təminatı məsələsi dayanır”.

Movqe.az

Son xəbərlər
Digər xəbərlər