Qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının (sınma, kəsilmə, dağılma və ya digər səbəblər nəticəsində təyin edilmiş məqsədlər üçün istifadəyə tamamilə yararsız olan metal məmulatları daxil olmaqla) ixracına tətbiq olunan gömrük rüsumları artırılacaq.
Bu, Prezident İlham Əliyevin “Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 aprel tarixli 457 nömrəli Fərmanının ləğv edilməsi haqqında” fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının (sınma, kəsilmə, dağılma və ya digər səbəblər nəticəsində təyin edilmiş məqsədlər üçün istifadəyə tamamilə yararsız olan metal məmulatları daxil olmaqla) ixracına tətbiq olunan gömrük rüsumlarının artırılmasını və (və ya) müəyyən edilməsini üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Eyni zamanda Nazirlər Kabineti nəzərdə tutulan ixrac gömrük rüsumlarının ödənilməsindən yayınmanın qarşısının alınması üçün metal qırıntı və tullantılarının emalı nəticəsində əldə olunan məmulatlar üzrə ixrac gömrük rüsumlarının müəyyən edilməsini və (və ya) mövcud ixrac gömrük rüsumlarının optimallaşdırılmasını dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
İqtisadiyyat Nazirliyi metallurgiya sənayesi müəssisələrinin qara və əlvan metal qırıntı və tullantı xammalına olan ehtiyacının ödənilməsi ilə bağlı, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görülməsinə zərurət yarandığı təqdirdə, təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Dövlət Gömrük Komitəsinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının ixracına gömrük rüsumlarının artırılması və (və ya) müəyyən olunması barədə normativ hüquqi akt qüvvəyə mindikdən 60 (altmış) gün sonra qüvvəyə minir.