Qarabağ Dirçəliş Fondu 2023-cü ili 240 milyon 553 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ildə Fondun mənfəəti 342 milyon 816 min manat olub ki, bu da illik müqayisədə 30% azalıb.
Banker.az bu barədə Maliyyə Hesabatları və Müstəqil Auditorun Hesabatına istinadən xəbər verir.
Ötən il Qarabağ Dirçəliş Fondunun ianədən gəlirləri 206 milyon 486 min manat (əvvəlki ilə nisbətən 34% az), maliyyə gəlirləri 47 milyon 196 min manat (37% çox) təşkil edib. Fondun bölüşdürülməmiş mənfəəti 1 milyard 231 milyon manatdan 1 milyard 472 milyon manata çatıb.
31 dekabr 2023-cü il tarixinə Qarabağ Dirçəliş Fondunun cəmi aktivləri 1 milyard 477 milyon manat, cəmi kapitalı 1 milyard 473 milyon manat, cəmi öhdəlikləri 4 milyon 353 min manat olub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu (bundan sonra – Fond) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.