Qarabağ: ssenari, yoxsa şahmat oyunu?

Elman Sadıqov, iqtisadçı-ekspert

9 noyabr Bəyanatını oxuduqdan sonra çıxartdığım nəticəyə dünən bir daha əmin oldum. Konkret çıxartdığım nəticə bu idi və dünən bir daha əmin oldum ki, burada marağı olan (Rusiya, Türkiyə daxil olmaqla) heç bir dövlətin hazırda konkret uzunmüddətli planı yoxdur. Çünki, planlar pozulub. Əvvəldən yazılmış senariyə əsasən həyata keçirilən planla şahmat oyunu çox fərqlənir. İndi yazılmış plan(lar)ın icrası deyil, müxtəlif tərəflərin iştirak etdiyi şahmat oyunu gedir. Oyunda 4 əsas iştirakçı, (yeri gəlmişkən, 4 tərəfli şahmat oyunu da var), bir də əsas iştirakçıların yanında onlara gedişlər pıçıldayan bir neçə kənar iştirakçılar var. Əsas iştirakçılar Azərbaycan, Türkiyə, Rusiya və Ermənistandır. İkinci dərəcəli iştirakçılar da məlumdur (Fransa və sair).

İndi öncədən hazır olan ssenari deyil (belə bir ssenari olubsa da tamamilə pozulub və işləmir), konkret olaraq şahmat oyunu gedir. Şahmat oyununun hazır ssenaridən üstün cəhəti odur ki, tərəflərdən kim daha incə, öncədən daha çox gedişi düzgün hesablaya bilən tərəf olacaqsa o daha çox qazanacaq. Bu səbəbdən tərəflər bir-birlərinə psixoloji təzyiq də edəcək (bu oyundur, heç bir fəaliyyətin xeyri yoxdur və sair kimi təbliğatlarla), dezinformasiya da yayacaq ki, qarşı tərəf(lər)i ruhdan salsın. Hörmətli oxucular irad tuta bilər ki, nə üçün 2 tərəfli deyil, 4 tərəfli şahmatla müqayisə edirəm? Axı Türkiyə-Azərbaycan, Rusiya-Ermənistan eyni tərəfdə deyilmi? Burada Rusiya Ermənistanla tam eyni tərəfdə deyil, ola bilməz. Elə ən çətin vəziyyətdə olan da Rusiyadır. Niyə? Çünki, 3 tərəfin bir məsələsi var, Rusiyanın isə bir deyil, 5-10 Qarabağ məsələsi var. Rusiyanın burada atdığı addımların əks-sədası Ukraynada, Moldovada, elə Qazaxıstanda və digər dövlətlərdə, həmçinin öz daxilində olan muxtariyyətlərdə çıxa bilər. Muxtariyyət məsələsini Rusiya öz daxilində yavaş-yavaş söndürməyə başladığı bir anda Qarabağa status vermək və kobud strateji səhvlərə yol verməyə risk edərək, yeni münaqişələrə girmək istəməz. Xüsusilə, ABŞ-da administrasiyanın dəyişdiyi bir vaxtda. Rusiya hazırda vaxt udmağa çalışaraq yaranmış vəziyyətdə yaxın, orta və uzaq gələcək üçün yeni planlar, gedişlər hazırlamaqdadır. Tələsik hazırlanan 9 noyabr razılaşması da, üstündən 2 ay keçməsinə baxmayaraq hələ də həmin razılaşma ilə bağlı dəqiqləşmələrin olmaması da bunu göstərir. Hazır planı var, amma gizlədir deyə bilərlər. Bu yalnız Rusiyanın nüfuzunu artırıb tərəfləri ruhdan salmaq üçün ortaya atılmış təbliğat ola bilər. Belə bir plan olubsa da, bir daha əminliklə qeyd edirəm ki, o plan pozulub, hazırda işləmir. Qeyd etdim ki, tərəflər şahmat oynayır. Bu oyunda Rusiya 5-6 gedişi öncədən düşünə bilər (Rusiyanın analitik mərkəzlərini güclü hesab etmirəm, belə mərkəzlər varsa da, Kreml həmin mərkəzlərə qulaq asmır. Rusiyanın 2020-ci ildə buraxdığı strateji səhvləri ortabab dövlət də buraxmazdı), amma Azərbaycan, Türkiyə və ya strateji müttəfiqlərdən biri elə gözlənilməz gediş edə bilər ki, düşünülən növbəti gedişlər işə yaramaz. Burada yeganə təsir vasitəsi Rusiyanın gücü amilidir ki, onun da neytrallaşdırlması yollarını elə hamıdan yaxşı Rusiyanın özü bilir. Ona görə bu məsələdə də incə davranır.

Strateji hədəflərin pozulub, məsələnin şahmat oyununa çevrilməsinin ən əsas səbəblərindən biri Şuşanın alınması oldu. (08 noyabr, 2020-ci il. Hərtərəfli əhəmiyyətini illərlə daha çox dərk edəcəyimiz şanlı tarixdir). Hətta, Rusiya və Ermənistan Şuşanın alınmasına o qədər inanmayıblar ki, bu məsələni istisna variant kimi hesablayıblar. Elə ən böyük gediş də qarşı tərəfin istisna etdiyi, görmədiyi, inanmadığı gedişi etməkdir ki, bu qarşı tərəfi həm çaşdırır, həm də psixoloji gərginliyə salır. Bundan sonra əminəm ki, ortaya çıxacaq hər hansı variant, plan öncədən hazırlanan deyil, məhz indi, bu dövrlərdə hazırlanmış planlar, gedişlər olacaq. Sadəcə olaraq, bu gedişləri görmək, nəzərə almaq, hesablamaq lazımdır. Bu oyundur, hər şey həll olunub kimi ruhdan salan fikirlərin ortaya atılması və bu fikirlərə aludə olmaq şahmat taxtasında məğlubiyyətə bərabərdir.  Unutmayaq ki, istisnasız olaraq bütün tərəflərin strateji hədəfləri pozulub. Hər bir tərəf öz mövqeyini daha da gücləndirmək, itirilmiş mövqeləri bərpa etməyə çalışır. Heç bir hissə qapılmadan demək olar ki, ən çox itirən tərəf Ermənistandır. Yuxarıda qeyd etdiyim ki, Rusiya strateji tərəfdaşı olan Ermənistanı incitmək, bütün ipləri qopartmaq da istəmir (Rusiya üçün bu addım saatlarla müzakirə edilə biləcək risklər yaradar), nə də tam olaraq Ermənistanın yanında durub onunla eyni tərəfdə oynamaq istəmir (Rusiya üçün bu addım da daha böyük strateji risklər yaradar). Rusiya ip üzərində yeriyən bir kəndirbaz vəziyyətindədir. Hansı tərəfə çox əyilsə, fərqi yoxdur, balans pozulacaq. O səbəbdən 2021-ci ildə ilk baxışdan bir-birinə zidd gedişlərin də şahidi olacağıq, yubanmaların, bəyanatlarla vaxt udmaların, 3 tərəfli bəyanatın şərtlərini pozmaqda davam edən Rusiyanın hərdənbir isterik hərəkətlərinin də..

Bir də. Dünyada yaranmaqda olan yeni düzəndə Türkiyənin öz yeri var və Türkiyə yeni siyasət formalaşdırır. Bunu Rusiya da bilir. O səbəbdən bəzi incə, çaşdırıcı gedişlər etməyə çalışacaq, amma Azərbaycan daha incə qarşılıqlı gedişlər edərsə həmin gedişlərin əhəmiyyəti ya azalacaq, ya da tamamilə itirəcək. Ən əsas hədəflərdən biri Azərbaycanın öz strateji tərəfdaşları ilə münasibətlərini pozmağa yönələcək. Qarabağın bərpasında 3 dövlətin iştirakı kimi..Türkiyəni həmin layihələrdən kənarda saxlamaqla Azərbaycanla arasında soyuqluq yaratmaq və Azərbaycanın əlini zəiflətmək. Buna qarşı elə incə və güclü gedişlər var ki…

Müəllif: Elman Sadıqov, İqtisadçı-ekspert


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.