6 C
Baku
Tuesday, February 24, 2026

Qarabağa qayıdan keçmiş məcburi köçkünlərin evlərini özləri tikməsi təklif olunur

Qarabağa qayıdan keçmiş məcburi köçkünlərin evlərini özlərinin tikməsi təklif olunur.

Bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.

R. Nurullayev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə vacib işlər görülür – evlər tikilir, yollar, məktəblər, xəstəxanalar salınır. Amma dövlətin hər şeyi təkbaşına etməsi, bütün maliyyə yükünü üzərinə götürməsi uzunmüddətli həll deyil. Bu, nə büdcə üçün dayanıqlıdır, nə də insanların orada kök salması üçün doğru modeldir: “Bu gün biz köçkünlər üçün evi də, kommunalı da, infrastrukturu da dövlət hesabına qururuq. Amma nəticə nədir? Köçən insanların bir hissəsi bir müddət sonra geri qayıdır. Məncə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır”.

Deputat vurğulayıb ki, köçkün öz evini özü tikəndə o torpağa daha çox bağlanır.

“Tikə-tikə ora öyrəşir, ətrafı tanıyır, dolanışıq yolu axtarır, qonşuluq münasibətləri formalaşır. Bu, psixoloji və sosial baxımdan da daha sağlam modeldir. Üstəlik, bu yanaşma dövlət büdcəsi üçün də qat-qat ucuz başa gəlir. Vətəndaş öz evini indiki qymətlərdən iki dəfə daha ucuz məbləğə tikəcək”, – deyə deputat belə hesabe edir.

R.Nurullayev düşünür ki, Qarabağı yalnız dövlət layihələri üzərindən bərpa etmək mümkün deyil. Bu bölgə dövlətin nəzarəti altında, amma real şəkildə özəl sektora açılmalıdır: “Kiçik və orta sahibkarlıq üçün daha münasib və süründürməçilikdən uzaq şərait, uzunmüddətli kreditlər, torpaq icarəsinin daha sadələşdirilmiş mexanizmləri tətbiq olunmalıdır. Orada fabrik, emal müəssisəsi, turizm obyektləri, xidmət sahələrinin yalnız sənaye zonalarında yox, bütövlükdə hər bir yerdə yaradılması asanlaşdırılmalıdır”.

Deputat həmçinin hesab edir ki, kəndlər eyni model əsasında qurulmamalıdır.

“Biz kəndi hamı üçün eyni model kimi planlaşdırırıq. Amma reallıq başqa cürdür. Əgər bir ailə kənddə mal-qara saxlamaq istəmirsə, təsərrüfatla məşğul olmayacaqsa, onu məcburən klassik kənd modelinə köçürməyin mənası yoxdur. Belə insanlar üçün şəhərcik və qəsəbə tipli yaşayış məntəqələri formalaşdırılmalıdır – xidmət sektoru, kiçik biznes, emal, turizm üzərində qurulan yaşayış mühiti yaradılmalıdır.
Kəndlər isə funksional zonalara bölünə bilər: bir hissəsi mal-qara saxlayan, kənd təsərrüfatı ilə məşğul olan ailələr üçün; digər hissəsi isə bu həyat tərzinə uyğun olmayan, amma kənd mühitində yaşamaq istəyən insanlar üçün. Hamını eyni qəlibə salmaqla uğur əldə edə bilmərik. Biz insanı yox, modeli dəyişməliyik”, – deyə R.Nurullayev bildirib.

Son xəbərlər
Digər xəbərlər