Qarabağda zəruri infrastruktur qurulduqdan və mina təhlükəsizliyi tam təmin olunduqdan sonra həmin ərazilərə səfər etmək üçün tələb olunan icazələrin müddəti daha da artırılacaq. Yaxın gələcəkdə Azərbaycan vətəndaşlarının və xaricdə yaşayan soydaşlarımızın məzuniyyət vaxtlarını Qarabağda yaradılan istirahət mərkəzlərində keçirmələri üçün daha ciddi işlərin görülməsi nəzərdə tutulub.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sektor müdiri Bənövşə Talıbova bildirib.
O vurğulayıb ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra qarşıda duran əsas məsələ həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası və əhalinin bu yerlərə müstəqil gediş-gəlişinin təşkil edilməsi idi. “Erməni işğalçılarının Ordumuzun qarşısında tab gətirə bilməyib, geri qaçmasından dərhal sonra Azərbaycan əhalisinin azad olunmuş torpaqlara səfərləri başladı. Təhlükəsizlik baxımdan ilk vaxtlar bu səfərlərlə bağlı bəzi məhdudiyyətlər qoyulsa da, getdikcə bu istiqamətdə yeni qaydalar tətbiq edildi. Bu qaydalar Qarabağa səfər etmək arzusunda olan daha çox vətəndaşı əhatə edir. Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə, o cümlədən Qarabağa gediş-gəlişini asanlaşdırmaq üçün yeni qaydaların müəyyənləşdirilməsi Azərbaycan əhalisi tərəfindən müsbət qarşılanır. Bu günlərdə tətbiq olunan yeniliklərdən biri də Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərini daha rahat və planlı şəkildə həyata keçirmək imkanını yaratmaq məqsədilə www.yolumuzqarabaga.az portalı üzərindən əldə olunan icazələrin müddətinin 2 gündən 5 günədək uzadılmasıdır. Son zamanlara qədər qeyd edilən portalda qeydiyyatdan keçdikdən sonra vətəndaşlarımız 2 gün müddətində Qarabağa getməli və geri dönməli idilər. Bu müəyyən qədər problemlər yaradırdı. Çünki 2 gün ərzində 30 il həsrətində olduğumuz torpaqları gəzib bitirmək mümkün deyildi. İki gündə bu rayonlardan yalnız birinə səfər etmək mümkündür. Buna görə də səfər edənlərin əksəriyyəti əsasən Şuşaya gedir və geri dönürdülər. İndi isə 5 gün ərzində daha çox ərazini gəzmək və zəngin təəssüratla geri qayıtmaq mümkündür. Amma bu hələ son deyil”, – deyə B.Talıbova diqqətə çatdırıb.
Sektor müdiri vurğulayıb ki, Qarabağa səfər edənlər üçün daha uyğun şəraitin yaradılmasında və qaçqın düşmüş vətəndaşların geri qaytarılmasında QMKİDK ciddi fəaliyyət göstərir: “Bu proses “Böyük Qayıdış” proqramının tərkib hissəsidir. QMKİDK Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə qayıtması və reinteqrasiyasında mühüm liderlik və əlaqələndirici rolunu oynayır. Komitənin səyləri Qarabağda və ətraf rayonlarda uzunmüddətli sabitliyə, demoqrafik bərpaya və iqtisadi canlanmaya nail olmaq üçün əsas amil kimi qiymətləndirilir”, – deyə o qeyd edib.