9 C
Baku
Wednesday, December 25, 2024

“Qarabağda aqrar sığorta riskləri ilə bağlı qanuna dəyişiklik edilə bilər”

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovla 2022-ci ilin yekunları və 2023-cü ildə gözlənilən yeniliklərlə bağlı müsahibə:

– Fuad bəy, 2022-ci ilin yekunları ilə bağlı Aqrar Sığorta Fondunun maliyyə nəticələri və fondda baş verən yeniliklərlə bağlı məlumat verərdiz.

– Aqrar Sığorta Fondu yaradılmamışdan qabaq aqrar sığorta xidmətləri istehlakçılara təqdim edilməsinə baxmayaraq, bu xidmətlərin əlçatanlığı aşağı idi. Sığorta şirkətləri aqrar sığorta xidmətləri təqdim etməklərinə baxmayaraq, zərərli olduğu üçün fermer müraciət edəndə satmaqdan imtina edirdilər. Aqrar Sığorta Fondunun yaradılması isə bu sığorta növündə yeni dövrə qədəm qoydu. 2020-ci ildə bitkiçilik sığortası üzrə toplanan vəsait cəmi 1700 manat idi. 2021-ci ildə ümumi toplanan vəsait 6 mln. manat, 2022-ci ildə isə 9 mln. manat təşkil edib. Bu, onun göstəricisidir ki, insanlar artıq bu xidmətlərin real əlçatan olmasını anlayırlar və bu xidmətlərdən istifadə edirlər. 2022-ci il Fond üçün kifayət qədər maraqlı il oldu.

Sığorta sisteminə inamı tam formalaşmadığı halda sığorta müqaviləsi bağlamağa məcbur olan fermerlər, artıq bizdən zərər ödənişləri alıblar. 2022-ci ildə 2 mln. 600 min manatdan çox sığorta ödənişi həyata keçirmişik və əlavə olaraq 2022-ci ildə bağlanan müqavilələr üçün 1 mln. manat ehtiyat yaratmışıq. Ötən il 500 mln. manatdan çox sığorta öhdəliyini üzərimizə götürmüşük, bunun qarşılığında 14 mln. manat sığorta haqqı toplamışıq. 260 min hektardan çox əkin ərazisi sığortalanıb. Ölkə ərazisində olan 2 milyon hektara yaxın əkinə yararlı torpaq sahəsinin 10%-dən çoxunu sığortalamışıq. 2021-ci illə müqayisədə 2022-ci ildə topladığımız sığorta haqqlarımızın həcmi 21% artıb. Göstərilən bu rəqəmlər ümumi vəziyyətin detallarını açıqlayır. Müqavilə sayımız artır, sığortalanan ərazilər genişlənir, topladığımız sığorta haqqı ilbəil artır. Bu, insanların bizə olan etimadıdır. İxrac potensialı olan pambıq məhsulu üzrə topladığımız sığorta haqqları 2022-ci ildə 4 dəfəyə qədər artıb. Ağdam, Tərtər, Ağcabədi və Yevlaxda pambıqçılıq sahəsində fəaliyyət göstərən 500-600 fermerin 14-15 min hektardan çox ərazisini sığortalamışıq.

Hal-hazırda sığortalanan bitkilərin sayı 14-dən 41-ə qaldırılıb. Artıq 21 bitki növü üzrə müqavilə bağlamışıq. 2021-ci ildə 27 000 müqavilə bağladığımız halda ötən il 46 000 müqavilə bağlamışıq.

Biz 2021-ci ildə bitkiçilik sığortası üzrə 151 min manat sığorta ödənişi etmişdik. Ötən il bu rəqəm 2.6 mln manat təşkil edib.

– Fondun xidmətlərindən nə qədər hüquqi və fiziki şəxslər yararlanıb?

– Ötən il 46 mindən çox sığorta müqaviləsi bağlamışıq. Bitkiçilik üzrə bağlanan müqavilələrdə hüquqi şəxslərin sayı 350, fiziki şəxslərin sayı isə 8777 nəfərdir.

– 2022-ci ildə kənd təsərrüfatı bitkilərinin sığorta ödəmələri 2021-ci illə müqayisədə 55 dəfədən çox artıb. Bu, nə ilə bağlıdır?

– Ödənişlərin kritik artmasının səbəbi odur ki, həm xidmətlərimizin istehlakçılara çatdırılmasının ilk mərhələsindəyik, həm də ödənişlər mövsümü xarakter daşıyır. Biz öhdəliyi ilin sonu götürüb ödənişi gələn il edirik. 2022-ci il ölkədə iri miqyaslı zərərlərin baş vermədiyi il idi. Ödənişlər əsasən fırtınadan, su basmadan, yanğından və üçünçü şəxslərin hərəkətlərindən yaranan zərərlərlə bağlı olub.

– Ən çox sığorta ödənişi nə qədər olub?

– Heyvandarlıq sahəsi üzrə 1000 heyvan sığortalana bilər, ancaq hər biri ayrı müqavilə ilə sığortalanır. Fərz edək ki, hər hansı fermer təsərrüfatı 1000 heyvan sığortalayıbsa bunun hər biri ayrı predmetdi və maksimum ödəniş də bir heyvan üzrə olur. Heyvan da 5-6 min manat dəyərindədir. Bitkiçilik üzrə ən böyük ödənişimiz bir müqavilə üzrə Hacıqabulda 300 min manat civarında olub. Bundan başqa Şəkiyə 450 min manat, Qobustana 280 min manat, Neftçalaya 100 min manat ödəmişik. Fevral ayında Qarabağ iqtisadi rayonuna 400 min manat zərər ödənişləri olacaq. Ödənişlərimizin 90%-i fiziki şəxslərə ödənilib.

– Ötən il kənd təsərrüfatı heyvanlarının sığortası 13% azalıb. Bu nə ilə bağlıdır?

– 2021-ci ildə Dövlət Məşğulluq Agentliyinin əhaliyə paylanan heyvanlarının könüllü sığortalanması hesabına sığorta yığımları artmışdı. Ancaq ötən il müqavilə bağlanılmayıb. Yəni, azalmanın səbəbi ölkəyə idxal olunan heyvanların sayının azalması və yaxud da sığorta xidmətlərinin sayının azalması ilə bağlı deyil. Biz 2022-ci ildə heyvanların sığortası üzrə proqnozu 106% icra etmişik.

– Hazırda kənd təsərrüfatı heyvanlarının qeydiyyatı ilə bağlı son vəziyyət necədir?

– İribuynuzlu və xırdabuynuzlu heyvanların qeydiyyatı AQTA-nın mandatındadır. Artıq o proses müəyyən mərhələdə icra olunur. O layihə bizimlə birgə icra olunmur. Biz icraçılar sırasında deyilik və sadəcə məlumat bazasından istifadə edən subyektik. Biz heyvan sığorta edərkən o məlumat bazasından məlumatları alıb istifadə etməliyik. Lakin o sistem tam qurulmadığından, elektron kənd təsərrüfatı informasiya sistemində imkan yaratmışıq ki, fermerlər öz heyvanlarını qeydiyyatdan keçirsinlər, sonra biz heyvanları sığortalayaq.

– Balıqçılıq sahələrinin sığortasında vəziyyət necədir?

– Biz 2020-ci ildə aqrar sığorta sistemini ölkədə quranda nə bitkiçilik nə də heyvandarlıq sahələrini sığortalamışdıq. 2 il ərzində dediyim bu sahələr üzrə artıq təcrübə əldə etmişik. Balıqçılıq sahəsi üzrə hələki müqavilə bağlamamışıq. Bu sığorta növü üzrə bizə müraciət daxil olmayıb. Yəqin ki, sistemin əhatə dairəsi genişləndikcə bu sahədə də sığorta müqavilələri bağlanacaq.

– 10 hektardan yuxarı bir sıra əkin sahələrinə subsidiya verilməsi üçün sığorta ilə bağlı tələb qoyulub. Bu qərarın iqtisadi nəticələri hiss edilirmi?

– Məsələn, fermer kredit götürüb 100 hektar sahədə taxıl əkir, dövlət də ona 100 hektara görə əlavə əvəzsiz 20 min manat vəsait ödəyir. Bütün bunların fonunda yanğın baş verir və bütün məhsuldarlıq məhv olur. Həm fermerin investisiyası, həm də dövlətin ayırdığı vəsait bir anda zərərə uğrayır. Dövlət dayanmadan aqrar sektorun inkişafına milyardlarla vəsait xərcləyir. Əlbəttə ki, əkin sahələrinə ayrılan subsidiyanın düzgün istifadəsi və effekt verməsi üçün sığorta ilə bağlı tələb qoyulmalı idi. Ölkədə 300 min fermer 1 milyon hektardan çox ərazidə taxılın əkilib becərilməsi ilə məşğuldu.

Ölkədə 10 hektardan yuxarı əkin sahəsi olan 4 min fermer var. Başqa sözlə, Aqrar Sığorta Fondu 300 min fermerin cəmi 4 min nəfərinə dövlətin ayırdığı subsidiyaların risk altında qalmaması üçün sığorta müqaviləsi bağlanmalı olduğunu deyir. Bizə sığorta müraciətləri təkcə qanunvericiliyin tələbi ilə bağlı deyil, vətəndaşlar həm də təsərrüfatlarını müxtəlif risklərdən qorumaqda maraqlıdırlar.

Bir hektar intensiv gilas bağının salınması üçün orta hesabla 40 min manat investisiya tələb olunur. 10 hektar bağ salıb biznesə başlamaq üçün birinci ildə 400 min manat vəsait xərclənməlidir. Bağçılıqda məhsul əldə etmək üçün orta hesabla 4-5 illik müddət tələb olunur. 5 il ərzində orta hesabla hər il bağın saxlanması üçün 50 min. manat pul xərclənir. Yəni, fermer məhsul alacağı dövrə qədər 650 min manat xərcləyir. Beşinci ilin sonunda ağac çiçəkləyən vaxtı şaxta düşür və fermer zərərə uğrayır. Altıncı ildə isə ağac çiçəkləyən zaman yağış yağır və məhsulun keyfiyyəti aşağı düşür. Aqrar sektorda zərərlərin baş vermə ehtimalı azdır. Ancaq sığorta hadisəsi baş verirsə, təsərrüfata çox ciddi ziyan dəyir. Bunu nəzərə alaraq artıq insanlar öz təsərrüfatlarını müxtəlif risklərdən qorumaq üçün könüllü sığorta etdirməkdə maraqlıdırlar. Məsələn, ötən il Azərbaycanda 2900 hektar bağ salınıb, onun böyük hissəsi sığortalanıb.

– Hazırda Azərbaycanda ortaya çıxan əsas risklərdən biri də quraqlıqla bağlıdır. Bu riskin sığorta xidmətlərinə daxil edilməsi gözlənilirmi?

– Dünya təcrübəsindən bəlli olur ki, su olmayan yerdə və yaxud dəmyə ərazidə bağ salınmır. Bağ salınarkən su təminatı əvvəlcədən nəzərə alınır. Quraqlıq problemi daha çox suvarılmayan və dəmyə ərazilərdə özünü göstərir. Bizim 2023-2025-ci illərdə artıq pilot lahiyə olaraq quraqlıq sığortasına başlamaq niyyətimiz var. İsveçrə və Türkiyə ilə təcrübə mübadiləsi aparırıq. Ölkədə indeks əsaslı quraqlıq təminatı etmək istəyirik. Məsələn, Şəki-Zaqatala iqtisadi rayonunda yağıntının miqdarı 100%-dən 95%-ə enib. Biz bu coğrafi rayonda sığortalanan hər fermerə eyni məbləğdə sığorta ödənişi təklif edirik. Yəni, bir fermerin sahəsinə yağıntının az düşməsi ilə əlaqədar 500 manat, digərinə 100 manat ziyan dəyməsinə baxmayaraq hər ikisinə 100 manat ödəniş təklif etsək, ciddi problemlər yaranacaq. Bunu nəzərə alaraq indeks əsaslı quraqlıq sığortasının tətbiqi üçün araşdırmalarımızı davam etdiririk.

– Bölgələrdə xidmət fəaliyyətinin genişləndirilməsi istiqamətində hansısa addımların atılması gözlənilirmi?

– Bizim aqrar sığorta xidmətlərini idarəedici qurum- “Aqrar Sığorta Müştərək Sığorta” Şirkəti həyata keçirir. İdarəedici qurum ötən il 4 iqtisadi-coğrafi rayonda filiallar açıb. 2023-cü ildə bir neçə filialın açılması gözlənilir. Bu regional bölmələrin açılmasının məqsədi fermerlərə daha yaxın olmaq, aqrar sığorta ilə bağlı onlara operativ köməklik göstərmək, təsərrüfatlarda yaranan risklərə çevik reaksiya verməkdir.

– Sığorta risklərinin və zərərlərinin qiymətləndirilməsi sahəsində ekspertlərin hazırlanması istiqamətində hansı addımlar atılıb?

– 2020-ci ildə ölkədə bu sahədə bir ekspert belə yox idi. Ekspertlər fondda təlim keçdikdən sonra Dövlət İmtahan Mərkəzində imtahan verirlər. İmtahandan uğurla keçən namizədlər Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziya əldə edib, müstəqil ekspert kimi fəaliyyət göstərirlər. Hal-hazırda Aqrar Sığorta Fondunda təlimlərdə 60-70 nəfər iştirak edir. Onların 30-40 %-nin imtahandan uğurla keçəcəyini gözləyirik. Zərər qiymətləndirməsində hər kəs iştirak edə bilməz. Bu ekspertlərin sahə üzrə təhsil və təcrübəsinin olması mütləqdir. Hal-hazırda Fondda 24 müstəqil ekspert fəaliyyət göstərir. Hədəfimiz kənd təsərrüfatı sığortası üzrə sığorta ekspertlərinin sayını 100-ə çatdırmaqdır.

– İşğaldan azad edilmiş rayonlarda Fondun kənd təsərrüfatı sığortası sahəsində fəaliyyəti nədən ibarətdir?

– İşğaldan azad edilmiş rayonlarımızda kənd təsərrüfatı sığorta xidmətləri göstəririk. 2022-ci ildə Zəngilan rayonunda Ağalı kəndinə yaxın ərazidə 40 min manatlıq sığorta ödənişi həyata keçirmişik. Ağdamın işğaldan azad olunmuş ərazilərində zərər ödənişləri etmişik. Həmin ərazilərdə klassik kənd təsərrüfatı sığorta təminatına daxil olmayan mərmilərin partlaması, terrorçuluq kimi hadisələr nəticəsində yaranan zərərləri də qarşılamaq istəyirik. Məsələn, taxıl sahəsində traktor işləyən zaman hər hansı mərmi partlaya bilər və nəticədə taxıl sahəsi yana bilər. Adi qaydada, yəni hazırki kənd təsərrüfatı bitkilərinin sığortasında bu hadisəyə görə sığorta ödənişi verilmir. Ancaq biz belə riskləri də qarşılamaq, ödənişləri təmin etmək istəyirik. Bunlarla bağlı qanunvericiliyə dəyişiklik layihəsi hazırlamışıq, tətbiq edilməsinə çalışacağıq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər