-3 C
Baku
Sunday, December 15, 2024

Qarabağda biznes qurmaq istəyən sahibkarların 70 %-ə yaxını yerli biznes subyektidir

Bu günədək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlardan KOBİA-ya 1 500-ə yaxın müraciət daxil olub ki, onlardan 70 %-ə yaxını yerli biznes subyektlərinin müraciətləridir.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Prezidenti tərəfindən 2 dekabr 2022-ci il tarixində təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanunda KOB subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqi forma və metodları müəyyən edilib: “Bu Qanuna, eləcə də sahibkarlıq sahəsində dövlətin prioritetlərinə və beynəlxalq müstəvidə KOB-larla bağlı çağırışlara uyğun olaraq KOB subyektlərinə dəstək davam etdiriləcəkdir”.

“Kiçik və Orta Biznesin İnkişafı Agentliyi həmçinin KOB-ların maliyyə imkanlarının yaxşılaşdırılmasına dəstək məqsədilə onların təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələrinin maliyyələşdirilməsi mexanizmi çərçivəsində indiyədək 39 KOB subyektinə 750 min manatdan çox qrant vəsaiti verib.

KOB-ların bazarlara çıxışının dəstəklənməsi üçün indiyədək Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 50 sərgi və yarmarkada 1300-ə yaxın KOB subyektinin ödənişsiz olaraq iştirakı təmin edilib. Agentlik tərəfindən təmin edilən KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində 25 sahibkarın məhsullarının müxtəlif ticarət şəbəkələrində satışı təmin olunub”, – məlumatda deyilir.

Qeyd olunur ki, sahibkarlara vahid məkanda dövlət-biznes və biznes-biznes xidmətlərinin göstərildiyi KOB evlərinin sayı üçə çatıb, bu mərkəzlərdə biznes subyektlərinə göstərilən xidmətlərin sayı isə 300 mini keçib. Ölkənin digər iri şəhər və rayonlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə KOB evlərinin yaradılması istiqamətində müvafiq tədbirlər görülür.

Hazırda ölkənin 41 şəhər və rayonunda fəaliyyət göstərən Agentliyin KOB dostları tərəfindən yeni KOB subyektlərinin yaranmasına və mövcud bizneslərin inkişafına, onların investisiya təşəbbüslərinin dəstəklənməsinə, sahibkar maraqlarının müdafiəsinə dövlət dəstəyi tədbirləri çərçivəsində dəstək göstərilir. İndiyədək KOB dostu mexanizmi çərçivəsində müxtəlif mövzularda 17 minə yaxın sahibkarın iştirakı ilə 370-ə yaxın sahəvi görüş və maarifləndirmə tədbirləri təşkil edilib.

Son xəbərlər
Digər xəbərlər