13 C
Baku
Tuesday, May 14, 2024

Qarabağda kənd təsərrüfatı perspektivləri – Hökumət oranı necə görmək istəyir?

Gələcək perspektivdə azad olunmuş torpaqların təbii-iqlim və relyef xüsusiyyətləri nəzərə alınmaqla, bölgədə xüsusilə taxıl və yem bitkiləri və heyvandarlıq məhsulları istehsalı üstünlük təşkil edəcək.

Bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur: “Bölgə üçün ənənəvi hesab edilən heyvandarlıq və taxılçılıq sektorları ilə yanaşı meyvəçilik və tərəvəzçiliyin inkişafı potensialı da genişdir. Azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında yeni trend kimi intensiv meyvəçilik sahələrinin, xüsusilə nar, fındıq, çəyirdəkli meyvəçiliyin inkişafı üçün perspektivlər var. Ağdam, Füzuli, Cəbrayıl rayonlarında pambıqçılığın, Ağdam və Füzuli rayonlarında tərəvəzçiliyin, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında milli üzüm sortları əsasında üzümçülük-şərabçılıq sahələrinin inkişafı baxımından əlverişli imkanlar mövcuddur. Kəlbəcər və Laçın rayonlarının zəngin otlaq və yaylaqları heyvandarlığın və arıçılığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Həmçinin bu bölgədə heyvandarlıq sahəsinin intensiv və yarımintensiv ferma modeli əsasında da inkişafı təmin ediləcək”.

İ. Kərimov deyib ki, ötən əsrin 80-ci illərində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərindəki rayonlar respublika üzrə kənd təsərrüfatı məhsulları istehsalında əhəmiyyətli paya malik idilər:”Taxıl məhsullarının təqribən 14 %-i, kartof, tərəvəz və bostan məhsullarının təqribən 6 %-i, tütünün təqribən 8 %-i, üzümün təqribən 25 %-i, ət və süd məhsullarının hər biri üzrə istehsalın təqribən 15 %-i bu bölgənin payına düşüb. Bu rəqəmlər azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialının nə qədər yüksək olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, Prezidentin azad olunmuş torpaqlarımızla bağlı ilk tapşırığı bu torpaqların əkilib becərilməsi ilə bağlı olub. Bu tapşırığa əsasən müharibənin başa çatdığı ilk günlərdən etibarən Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra isə azad edilmiş ərazilərimizdə kənd təsərrüfatı sahəsinin bərpası istiqamətində tədbirlər görülüb”.

Nazir deyib ki, bölgədə quruculuq işlərinin əsas istiqamətlərindən birini yeni logistika infrastrukturunun qurulması təşkil edir: “Logistika imkanlarının genişlənməsi kənd təsərrüfatı məhsullarının ixrac bazarlarına çıxarılmasına imkanlar yaradacaq. Bütün bunlar göstərir ki, azad olunmuş ərazilərin aqrar potensialından səmərəli istifadə ölkə üzrə kənd təsərrüfatı məhsullarının istehsalını ciddi çəkildə artıracaq”.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatına yararlı torpaq sahələrinin müəyyənləşdirilməsi, keyfiyyətininin öyrənilməsi, kadastr işlərinin aparılması aidiyyəti qurumlarla birlikdə mütəmadi olaraq həyata keçirilməkdədir:

“Təəssüf hissi ilə qeyd etməliyik ki, uzun illər mənfur düşmənimiz tərəfindən torpaq və su resurslarımıza ciddi ziyan vurulub. Əkinə yararlı ərazilər minalanıb, kimyəvi çirklənməyə məruz qalıb, zərərvericilərə qarşı mübarizə aparılmayıb, bağlar məhv edilib, suvarma sistemləri dağıdılıb. Uzun illər tətbiq olunan nizamsız təsərrüfat fəaliyyətləri torpağın potensialını aşağı salıb”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər