17 C
Baku
Saturday, May 4, 2024

Qarabağdakı layihələrdə iştirak üçün 1500-dən çox şirkət müraciət edib

İndiyədək Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştirak üçün 500-ə qədəri xarici şirkət olmaqla 1 500-dən çox şirkət müraciət edib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, bu ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin, “yaşıl texnologiya”ların tətbiqi, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, nəqliyyat-logistika imkanlarının artırılması və digər göstəricilər regionun inkişafında və biznes cəlbediciliyinin artırılmasında mühüm rol oynayır.

İşğaldan azad edilmiş ərazilərimizdə biznes üçün əlverişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqamətində nəticəyönümlü işlər reallaşdırılır. Bu ərazilərdə vergi, sosial sığorta və digər güzəştlər müəyyən olunub. Qarabağ və Şərqi Zəngəzurdakı bütün layihələr dövlət-özəl əməkdaşlığı çərçivəsində icra olunur. Hökumət azad edilmiş ərazilərdə investor və sahibkarlar üçün əlverişli şərait yaradıb. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında sahibkarlar dövlət hesabına infrastrukturla təmin edilir.

Buradakı rezidentlər 10 illiyinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddır. İdxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad edilib. Bundan başqa, regionda yeni aqroparkların yaradılmasına başlanıb. Bu qəbildən ilk layihənin – “Dost Aqropark”ın təməli iki il öncə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilanda qoyulub. Hazırda regionda 3 aqropark fəaliyyət göstərir. Bütün bunlar ilk növbədə, yerli və xarici şirkətlərin bölgədə sahibkarlıq fəaliyyətinə başlamasına, yeni iş yerlərinin yaradılmasına, məşğulluğun təmin olunmasına şərait yaradır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər