17 C
Baku
Sunday, May 5, 2024

Qarabağın ümumi su ehtiyatlarının həcmi açıqlanıb

Azərbaycanda nə su mənbələri, nə də su ehtiyatları tükənir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Riad Axundzadə Dünya Bankının Azərbaycanla bağlı açıqladığı hesabata cavab olaraq belə deyib.

Azərbaycanın su baxımdan riskli ölkələr qrupunda yerləşdiyini deyən R.Axunzadə bildirib ki, qlobal iqlim dəyişikliklərinin təsirləri bütün dünyada olduğu kimi ölkəmizdə də hiss olunur: “Belə ki, Azərbaycanın su ehtiyatlarının təxminən 70 faizi ölkə xaricində formalaşır. Kür, Araz, Samux çayları ilə yanaşı ümumilikdə 21 transsərhəd çay vasitəsilə ölkəmizə daxil olan su ehtiyatları yerüstü su ehtiyatlarımızın 70 %-ni təşkil edir. Digər su ehtiyatları ölkə sərhədləri daxilində yerli çaylardan formalaşır”.

“Transsərhəd çayların yolboyu keçdiyi bütün qonşu ölkələrdə qlobal iqlim dəyişikliklərinin təsirləri müşahidə olunur. Bütün bunlaırn fonunda buxarlanma və suya təlabat artıb. Azərbaycan bu çayların axın etdiyi sonuncu ölkədir. Bu səbəbdən də son illərdə Azərbaycana daxil olan su ehtiyatlarında azalmalar müşahidə olunur”, – deyə o əlavə edib.

Təxminən 30 ildir ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur vilayətlərinin su potensialından istifadə edə bilmədiyini deyən R.Axundzadə qeyd edir ki, ölkəmiz yaxın gələcəkdə bu potensialdan yararlana biləcək:

“Qarabağın ümumi su ehtiyatları 2.1 milyard kub metr həcmində dəyərləndirilir. Bu ehtiyatlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə ümumilikdə 9 ədəd su anbarı və onlardan qidalanan kanalların əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub. Artıq bu istiqamətdə 5 ədəd – Xaçınçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının yenidən qurulması işlərinin son mərhələsindəyik. Anbarlar təmir ediləndən sonra bu suların anbarlarda toplanması və qənaətlə istifadə edilməsi əsas hədəflərimizdən biridir”.

R.Axundzadə bildirib ki, ölkənin su təminatında problem yaranması proqnozlaşdırılmır: “Çünki Dövlət Su Komissiyası və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu istiqamətdə anbarların iş rejiminin nizamlanması, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə istiqamətində bir sıra tədbirlər həyata keçirir. Bununla yanaşı, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, o cümlədən su ehtiyatlarından səmərəli istifadə məqsədilə önümüzdəki illərdə 10 ədəd yeni su anbarının tikilməsi, o cümlədən 18 ədəd suvarma kanalı, 1 ədəd hidroqovşaq və 1 ədəd kollektor-drenaj şəbəkəsinin yenidən qurulması nəzərdə tutulub”.

Qeyd edək ki, Dünya Bankının “Ölkənin İqliminə və İnkişafına dair hesabat”da qeyd olunub ki, illər üzrə və illərarası yağıntının gələcək meyillərinin necə olacağı ilə bağlı qeyri-müəyyənlik su anbarları infrastrukturunun əhəmiyyətini artırır. Bundan başqa, qeyd olunur ki, ölkədə anbarların məkana görə paylanması qeyri-mütənasib olaraq qalır.

“129 su anbarı ölkənin anbarlarının 10 faizini təşkil edir. Hazırkı anbar infrastrukturu təhlükəsizlik problemlərinin mövcudluğunu göstərir. Sellərin intensivliyinin və aqressivliyinin proqnozlaşdırılan artımı su anbarları infrastrukturunun qiymətləndirilməsini və bu infrastruktura investisiyaların yatırılmasını tələb edir”.

“Suvarmanın ümumi effektivliyinin artırılması gələcəkdə suya tələbatı ödəmək üçün olduqca vacibdir. Suvarmanın planlaşdırılan genişləndirilməsi ilə bağlı mövcud və gələcək məhdudiyyətlər nəzərə alınarsa, su anbarlarından suvarılan əkin sahələrinə verilən suyun itkilərinin azaldılması hesabına daha yüksək su göstəricilərinə nail olunması qıtlıq dövründə aqrar məhsulların artırılması üçün olduqca vacibdir”, – deyə qeyd olunub.

Hessabatda həmçinin o da vurğulanıb ki, Azərbaycanda anbarlarla yanaşı, ümumilikdə təqribən 52 000 km-lik suvarma kanallarının və təqribən 1000 nasoslama stansiyasının daxil olduğu su infrastrukturu böyük itkilərlə xarakterizə olunur.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər