10 C
Baku
Thursday, December 12, 2024

Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolu yenidən inşa olunub

Respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 46-cı km-dən ayrılan və uzunluğu 8 km olan Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən inşa olunub.

Bu barədə Banker.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə əvvəllər qara və çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı.

Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib. 2 hərəkət zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün zəruri yerlərdə müxtəlif diametrlərdə olan suötürücü boruların, beton küvetlərin tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası işləri görülüb.

Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən, optimal-qırmadaş və qum-çınqıl qarışımından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Yolboyu 12 santimetr qalınlığında və 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Layihəyə uyğun olaraq sonda zəruri olan yerlərdə yol nişanı, dayanacaq və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.

Son xəbərlər
Digər xəbərlər