2 C
Baku
Tuesday, February 25, 2025

Qarlı-buzlu yollarda zəncirvari qəzalara görə sığortanı kim ödəməlidir?

Fevralın 23-24-də ölkə ərazisinə, o cümlədən Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkətinə bəzi problemlər yaradıb. Nəticədə bir sıra qəzalar qaçılmaz olub.

Bəs yolların sürüşkən olması səbəbindən baş verən qəzalara görə məsuliyyəti kim daşıyır? Bu qəzalara görə dəyən zərəri kim, hansı tərəfə ödəməlidir?

Sığorta eksperti İlkin İbrahimov bildirib ki, hər il qar yağanda, buzlu yollar olanda eyni sual ətrafında ajotaj yaranır.

“Birmənalı şəkildə aydın olmalıdır ki, qəza zamanı zərər vuran və ya zərər çəkənin müəyyən olunması sığorta ödənişinin verilməsinə əsasdır. İcbari sığortalar haqqında qanunun 17-ci maddəsində qeyd olunan sənədlər sığorta şirkətinə təqdim edilərsə, sığorta şirkəti sizə mütləq ya “imtina” ya da “ödəniş”lə bağlı məktub göndərməyə borcludur.

Qarlı-buzlu havalarda zəncirvari qəzalar zamanı mütləq müvafiq orqanın (Daxili işlər Nazirliyi) arayışı (forma 4) lazımdır. Bu sənədlə hadisədə sizin zərərvuran və ya zərərçəkən olmağınız müəyyən olunur. Əgər zərərçəkənsizsə, mütləq zərərvuran da olmalıdır. Zərərvuranın nömrəsini 9707 nömrəsinə göndərirsiniz və ya isb.az saytından yoxlayaraq onun hansı sığorta şirkətində olduğunu müəyyən etdikdən sonra həmin sığortaya müraciət edə bilərsiz”, – ekspert deyib.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib ki, fevral ayının 24-nə olan məlumata görə, 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 1496 müraciət daxil olub. Bu müraciətlərin 1257-si “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 235-i “Kasko” sığorta növü, 4-ü isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələrlə əlaqədar olub. Sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin böyük əksəriyyəti paytaxt Bakıda qeydə alınıb.

ASA-dan qeyd edilib ki, sığorta şirkətlərinin verdiyi məlumata görə, 1496 hadisədən 1010 hadisə üzrə ehtimal olunan zərər məbləği 652 min manat müəyyən olunub, 486 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi aparılır.

“Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur” – Assosiasiyadan əlavə edilib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər