16 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Qarpız sahələrində bol məhsul var

Yayın əvəzedilməz, sərinləşdirici meyvəsi olan qarpızın vətəni Sabirabad olsa da, salyanlı fermerlərin də bu sahəyə marağı ilbəil artır.

Qarpız əsasən Salyanın Xələc, Marışlı, Noxudlu və Kürqaraqaşlı kəndlərində əkilsə də, bu gün artıq Qızılağac kənd sakinləri də bu işə böyük maraq göstərir. Bu ərazilərdə yetişdirilən məhsul yüksək keyfiyyətinə görə seçildiyindən, hətta qonşu rayonlardan da bura qarpız əkib-becərməyə gələnlər var. 15 ilə yaxındır qarpız əkini ilə məşğul olan fermer Nurağa Musayev Sabirabad rayonundan olsa da, Salyanda qarpız əkini aparmaqla məşğuldur. Təsərrüfat sahibi qeyd edir ki, Salyan rayonu ərazisində qarpızın xüsusi sortlarını yetişdirmək daha məqsədəuyğundur. O, özü də məhz belə sortları seçib: “Ötən il 3 hektar məhsul əkmişdik, bir qədər zəif oldu. Bu il 4 hektar ərazidə qarpız əkmişik, məhsulumuz çox yaxşıdır. Bu il hektara 60-65 ton məhsul gözləyirik. Əsasən holland sortu və İrandan gələn qarpız sortu əkmişik. Bizim iqlim üçün bu sortlar çox əlverişlidir. Əkdik, barını görürük”.

Sahələrdə qarpız şitilləri əkildikdən sonra üstünə ikiqat polietilen örtük çəkilib. Belə ki, həmin örtüklər arasında yaranan isti hava qatı şitillərin sürətlə inkişaf etməsinə şərait yaradır. Sahələrdə çalışanlara hər günün sonunda 15-20 manat ödəniş edilir. Bu da kənd əhalisinin sosial rifah halının yüksəldilməsinə müsbət təsir göstərir. Sahədə çalışanlar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün karantin rejiminin bütün qaydalarına da əməl edirlər. Dövlət tərəfindən göstərilən diqqət, ayrılan subsidiyalar onu göstərir ki, gələcəkdə Salyan həm də ixtisaslaşmış bostançılıq rayonuna çevriləcək. Rayonun müxtəlif ərazilərində fərdi təsərrüfatlarda becərilən qarpızın məhsuldarlığı bunu deməyə əsas verir.

Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun aparıcı məsləhətçisi Rişad Əsgərli deyib: “Ötən il Salyan rayonunda 530 hektar sahədə qarpız əkini aparılıb. Bu sahələrdən 158 sentner məhsuldarlıq əldə edilib. Bu il rayonda bu günədək 361 hektaradək qarpız bitkisi bəyan edilib. Bu təbii ki, son rəqəmlər deyil. Bu rəqəmlər yaxın günlərdə də artacaq. Ötən il fermerlərimiz qarpız məhsullarını yerli bazara çıxararaq yaxşı qazanc əldə ediblər. Buna görə də bu sahəyə maraq artmaqdadır”.

Mütəxəssislər onu da bildirir ki, sahələrə düzgün aqrotexniki qulluq edilərsə, hər hektardan 80-100 ton qarpız məhsulu götürmək mümkündür. Bu da təbii ki, fermerlərin sosial rifahının yüksəlməsində mühüm rol oynayır.

Mənbə:Azərtac
Son xəbərlər
Oxşar xəbərlər