Müsahibimiz: “Bank of Baku”-nun daxili audit departamentinin direktoru Həsən Quliyev
Qısa tərcümeyi-hal
Həsən Quliyev Azərbaycan Dövlət Universitetinin maliyyə və biznesin idarə olunması fakültəsini və Liverpul Universitetinin beynəlxalq maliyyə və mühasibat fakültəsini bitirib. O, öz karyerasına 2006-cı ildə “SOA”, indi isə “TBC Kredit” kimi tanınan qeyri-bank kredit təşkilatında kiçik və orta ölçülü müəssisələr üçün kredit mütəxəssisi kimi başlayıb. Sonra o, “Earnst & Young” şirkətində müxbir-auditor kimi çalışıb.Həsən Quliyev 2009-cu ildə Norveçin “Mikrokredit” adlı qeyri-bank kredit təşkilatına daxili audit bölməsinin rəhbəri vəzifəsinə götürülüb. Növbəti il isə vəzifəsində yüksələrək İdarə Heyətinin sədr müavini olub. 2010-cu ilin iyulundan bəri “Bank of Baku”da daxili audit departamentinin direktoru, eyni zamanda Norveçin “Mikrokredit” kredit təşkilatında İdarə Heyəti sədrinin maliyyə işləri üzrə məsləhətçisidir. Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) üzvüdür.
Salam, Həsən müəllim suallarımızı cavablandırmağa razılaşdığınız üçün öncə təşəkkür etmək istərdim. İlk sualım isə fəaliyyət istiqamətiniz ilə bağlı olacaq.
Sizin fikrinzcə Azərbaycanda daxili auditin yaranmasına nə kimi ehtiyac var idi və bunu zəruri edən amillər hansılar idi, ümumiyyətlə audit fəaliyyəti nədən ibarətdir?
Azərbaycanın bazar iqtisadiyyatına keçməsi ilə müəssisələrin yeni təşkilati-hüquqi formalarının və müxtəlif mülkiyyət növlərinin yaranması idarəetmədə əsaslı dəyişikliklər aparılmasını, eyni zamanda nəzarətin təşkilinin, onun metodologiyasının və həyata keçirilməsi sisteminin yenidən qurulmasını tələb edirdi. Keçid dövründə yeni bir defisit növü yaranmışdı və bu getdikcə daha artıq hiss olunurdu.Bu, yeni şəraitdə müəssisələr haqqında etibarlı məlumatlar əldə etmək çətinliyi var idi.İnvestisiyaya marağı olan tərəflərin (İnvestorların, səhmdarların, kreditorların və sair)vəsait qoymaq istədikləri təşkilatların maliyyə vəziyyəti, cari və gələcək perspektivləri barədə məlumat əldə etmək ehtiyacları vardı.
Bir sözlə, bazar iqtisadiyyatı infrastrukturunun vacib elementlərindən sayılan müstəqil auditin inkişaf etdirilməsinə böyük zərurət yaranmışdı. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə iqtisadi subyektlərin qüvvədə olan qanunvericiliyə uyğun tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdiriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir.Audit ilk vaxtlarda insanlar arasında mənfi assosiasiya yaratsa da, təşkilatın ən azı satışvə ya marketinq fəaliyyətləri qədər əhəmiyyətli sayılacaq xidmət növüdür.
Nəyə görə təşkilatlarda audit bölməsinin olması belə vacibdir, onu bu qədər əhəmiyyətli edən nədir?
Auditi əhəmiyyətliedən müəyyən amillər varki, onlar auditin yaranmasını və inkişaf prosesinini sürətləndirib. Bu amillərə aşağıdakıları aid etmək olar:
1) Müdiriyyət tərəfindən təsisçilərə,investorlara, kreditorlara qeyri-obyektiv məlumatların verilməsi;
2) Fəaliyyətin nəticəsinə dair mövcud informasiyanın keyfiyyətinin səviyyəsi;
3) Yüksək səviyyədə veriləcək qərar üçün vacib olan məlumatları yoxlamaq, qiymətləndirmək üçün xüsusi biliklərin, metodikaların tələb olunması;
4) İstifadəçilərin mövcud məlumatları ədalətli, düzgün və effektiv qiymətləndirmək imkanının olmaması;
5) Təşkilatın korrupsiya, saxtakarlıq və maxinasiyalardan qorunması zərurəti.
Təşkilatlarda daxili audit strukturu olduğu halda nəyə görə onlar kənardan da audit cəlb edirlər? Ya da sualı başqa cür qoysaq, əgər müəssisə kənar auditin xidmətindən yararlana bilərsə, daxili auditin olmasına onda nə gərək var?
Auditfəaliyyəti 2 cür olur:kənar və daxili audit. Hər iki audit fəaliyyətini bir-birindən fərqləndirən çox sayda amillər olsa da, hər ikisinin eyni məqsədə qulluq etməsi birmənalıdır. Kənar audit əsasən təsisçilər, investorlar tərəfindən cəlb olunur, daxili audit isə təşkilatın rəhbərliyi tərəfindən təyin olunur. Kənar audit əsasən maliyyə vəziyyətinin yoxlayıb qiymət verdiyi halda, daxili auditin fəaliyyəti təşkilatın daxili qaydalara,intizama riayət etməsi, təşkilat daxili risklərin qiymətləndirilməsi və.s bu kimi sahələri əhatə edir.Daxili audit fəaliyyəti müstəqil, obyektiv yoxlama və konsultasiya xidməti göstərərək təşkilata dəyər qatmaqla bərabər əməliyyatların səmərəliliyin artırılması istiqamətində təşkil olunur.
Daxili audit fəaliyyət göstərdiyi təşkilata çox sayda mühüm xidmət növləri təqdim edir. Bunlara misal kimitədqiqat, saxtakarlıq hallarının müəyyən olunması, daxili nəzarətin yoxlanması, monitorinq, və.s bu kim xidmətləri göstərmək olar.
Daxili auditin müsbət tərəfləri kimi nələri qeyd etmək olar?
Daxili audit işinin düzgün qurulmasının çoxlumüsbət cəhətləri var:
1) Təşkilatdaxili inkişaf etdirilməli istiqamətlərinmüəyyən olunması;
2) Yeni texnologiyaların səmərəliliyinin sınaqdan keçirilməsi;
3) Təşkilatın üçün təhlükələrin, təsirlərin, gəlirlərin və.s əvvəlcədən müəyyən edilməsi;
4) Saxtakarlıq hallarınınaşkara çıxarılması;
5) Təşkilatın maliyyə göstəricilərini təhlil və təsdiqinin həyata keçirilməsi;
6) Təşkilatın qəbul olunmuş qaydalar, normativlər, standartlar və qanunvericilik çərçivəsində fəaliyyət göstərməsinə nəzarət edilməsi,aşkarlanan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyələrin hazırlanması və onların icrasının monitorinqinin təmin olunması;
7) Sahibkarın baş verən hadisələrdən daim məlumatlı olmasını təmin edilməsi;
8) Təşkilat əməkdaşlarının əhval-ruhiyyələrinin müəyyənləşdirilməsi;
9) Təşkilatın tələb olunan bütün hallara uyğun təhlilinin aparılması;
10) İnvestorların cəlb olunmasında və uzun müddətli əməkdaşlığın qorunmasındabirbaşa iştirak.
Sizcə daxili auditin saxlanmılması sərf edilən vəsaitlərə dəyər? Keyfiyyətli auditorun yetişməsi üçün nələr lazımdır, bunun üçün şəxsi səriştə və ya korporativ mühit daha önəmlidir?
Daxili audit təşkilatın qan-damar sistemi kimi bütün sahələrə sirayət etməklə, nəzarət mexanizmləri qurmaqla yuxarıda göstərilənlərə nail olur. Sadalananlara nail olmaq üçün keyfiyyətli auditorların yetişdirilməsi vacib şərtdir. Keyfiyyətli auditorun yetişməsi və saxlanılması təşkilata ucuz başa gəlmir. Təşkilat böyük itkilərin qarşısını almaq üçün xərclərdən yan keçməməli, əksinə bu sahənin inkişafına daim dəstək verməlidir. Daxili auditin qurulması və inkişafına investisiya qoyuluşu kimi baxmalıdır.Çünki bu investisiya orta və uzun müddətli dövrdə itkilərin qarşısını almaqla gəlir formasında təşkilata geri dönəcək. Qarşısı alınmış bütün itkilər gəlirin bir formasıdır. Aşağıda sadalananlara həyata keçirmək müəyən mənada keyfiyyətli auditor yetişdirməyə təkan verə bilər:
1) Daxili auditorların yetişidirilməsi, daim inkişaf etdirilməsi və müasir mühitə uyğunlaşdırılması. Təşkilatın daxilində keyfiyyətli auditorların fəaliyyət göstərməsi itkilərin qarşısını almaqla yanaşı təşkilat üçün prestijdir.
2) Keyfiyyətli və təşkilata faydalı daxili auditorun yetişməsi üçün orta hesabla 2-3 il vaxt lazımdır. Bu vaxt ərzində auditorlar təşkilat haqda yüksək biliyə malik olur, həmin təşkilatı yüksək səviyyədə təhlil etmək qabiliyyətinə yiyələnir, bazarda baş verə biləcək bütün dəyişmələri görərəktəşkilatı xəbərdar edir və gələcəyə dair səmərəli proqnozlar verir.
Bütün bunlarla yanaşı keyfiyyətli auditor xarakter kimi obyektiv, qərəzsiz, müstəqil düşüncəli, səbirli olmalı və hərbir vəziyyətdə düzgün mövqe tutmağı bacarmalıdır.
Azərbaycanda audit sektorunun inkişaf səviyyəsini necə qiymətləndirisiniz, hansı çatışmazlıqları və perspektivləri qeyd etmək olar?
Şirkətlər böyüdükcə rəhbərlər, sahibkarlar nəzarəti intensiv və əhatəli formada yerinə yetirə bilmirlər. Belə olan halda rəhbərliyin, sahibkarların nəzarət funksiyasını yerinə yetirəcək olan audit xidmətinin təşkilinə zərurət yaranır. Azərbaycan iqtisadiyyatında bu kimi şirkətlərin sayı artmaqdadır.Sevindirici haldır ki, artıq Azərbaycan iqtisadiyyatında auditə və ələlxüsus da daxili auditə verilən əhəmiyyət və ehtiyac hər keçən gün artmaqdadır.Yaxın gələcəkdə keyfiyyətli, etibarlı və təcrübəli auditorlara yüksək səviyyədə tələb olacağını artıq bu gündən proqnoz eləmək mümkündür.
Azərbaycan Respublikasında audit xidmətinin tənzimlənməsini təşkil olunması, bu sahədə olan xidmətlərin istiqamətləndirilməsi məqsədilə Auditorlar Palatası fəaliyyət göstərir.Auditorlar Palatasının mövcudluğuna baxmayaraq Azərbaycan Respublikasının öz audit standartları hələ də yoxdur.
Hazırda ölkəmizdəbeynəlxalq audit standartları tətbiq olunur. Buna səbəb ölkəmizin yenicə müstəqillik əldə etməsi, müəyyən sahələrin inkişaf tendensiyasının təzəlikcə başlamasıdır. İqtisadiyyatın bütün sahələrində inkişaf tendensiyası artdıqca audit sektorunun inkişafı da sürətləndirəcək və nəticə etibarı ilə standartların təkmilləşməsinə əlverişli şərait yaranacaq.
Sizcə Azərbaycan audit sektorunu qərb auditi ilə müqayisə etməyə dəyər?
Hazırda Azərbaycan təşkilatlarında auditdən risklərin qiymətləndirilməsi, proqnozların verilməsi əvəzinə araşdırmacı, təhqiqatçı xidmət növü kimi istifadə olunur. Belə halların ortadan qaldırılması və audit sahəsində inkişafa nail olunması üçün əsas amil daxili bazarda fəaliyyət göstərən təşkilatların inkişaf etməsidir. Yalnız bu halda audit Qərbdə olduğu kimi bizdə dəəsl funksiyasını yerinə yetirə biləcək.