1 C
Baku
Sunday, February 25, 2024

Qaxda avtomobil yolları yenidən qurulur

Qax rayonunda uzunluğu 12.5 km olan və Qax-Qaçqaçay-Armudlu avtomobil yolunun 11-ci km-dən ayrılan Aşağı Malax-Qaçqaçay-Armudlu yaşayış məntəqələrini əlaqələndirən avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metr təşkil edir.

Aparılan işlər çərçivəsində layihənin Qaçqaçay hissəsində mövcud köhnə arx qazılaraq, yenisi çəkilib. Uzunluğu 830 metr olan yeni arxın ətrafına 640 p/m səki daşı düzülüb.

Bundan başqa, Qaşqaçay-Armudlu kənd yollarını birləşdirən 2 aşırımlı, 36 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşasına da start verilib. Hazırda körpünün kənar dayaqlarının tikintisi aparılır.

Layihə çərçivəsində hazırda işlər 1500 metr uzunluğa malik Malax avtomobil yolunda aparılır. Ardıcıllığa uyğun olaraq bu hissədə artıq torpaq işləri və nəzərdə tutulan suötürücü boruların quraşdırılması yekunlaşıb. Hazırda yola 2 qat yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 3 yaşayış məntəqəsinin 1600 nəfər əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunur.

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər