27 C
Baku
Friday, July 19, 2024

Qaydalar dəyişir, vergi proseduru sadələşdirilir

“Nazirlər Kabinetinin 2017-ci il 4 may tarixli qərarı ilə “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışı məqsədi ilə elektron hərracın təşkili və keçirilməsi Qaydaları” müəyyən edilib. Vergi ödəyicilərinin bəzən vergi borcları yarandığı zaman əmlakları müsadirə olunur və hərraclar vasitəsilə satışa çıxarılır. Satışdan əldə edilən pul vasitəsilə vergi ödəyicisinin borcları ödənilir”.

Bunu iqtisadçı-ekspert Radil Fətullayev portala açıqlamasında deyib. Onun sözlərinə görə, indiyədək bu hərraclar ənənəvi üsul ilə həyata keçirilib: “Yəni, ümumiyyətlə, hərrac dedikdə mal və xidmətin təklif olunan ən yüksək qiymətə satılması başa düşülür. Bunun başqa adı auksiondur. Bu söz latın sözü olub, mənası “artırıram” deməkdir”.

“Dünya təcrübəsində hərraclar ənənəvi və elektron formada keçirilir. Hərracın özünün də 2 forması mövcuddur: forvard hərrac (forward auction) və əks hərrac (reverse auction). “Forward auctions” bir satıcının təqdim etdiyi mal və bir neçə alıcının təklif etdiyi qiymət ilə səciyyələnir. “Reverse auction” bir alıcı və bir neçə satıcı olmağı ilə fərqlənir. Birinci halda, hərrac zamanı ən yüksək qiyməti təklif edən şəxs, ikinci halda isə ən aşağı qiyməti təklif edən şəxs hərracın qalibi hesab olunur” — Fətullayev bildirib. İqtisadçının fikrincə, yeni qaydalara görə, artıq bundan sonra fiziki və hüquqi şəxslər elektron hərracda iştirak edə biləcəklər: “Bu, vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərracda satışının daha operativ və səmərəli həyata keçirilməsi, dövlət büdcəsindən yayındırılmış vergi borclarının alınması ilə bağlı icraat prosesinin sadələşdirilməsi və bu sahədə şəffaflığın təmin olunması məqsədi ilə həyata keçirilir”.

Ekspertin sözlərinə görə, məhkəmədə hər hansı bir vergi ödəyicisi dövlətə yaranmış borcunu ödəməyə məcbur olur və məhkəmə icraçıları həmin şəxsin əmlakını müsadirə edirlər: “Məhkəmə qaydasında əmlak müsadirə olunarsa, məhkəmə icraçıları xüsusi ixtisaslaşmış hərraclara müraciət edir və elektron hərrac təşkil olunur. Bu, böyük ehtimalla, gələcəkdə sayt vasitəsilə tənzimlənəcək. Təklif olunan əmlak KİV vasitəsilə açıqlanacaq, elan ediləcək”.

“Yəni, hər hansı bir əmlak satışa çıxarılacaq. Bu elan barədə məlumat alan şəxslər həmin elektron sayta daxil olub özlərinə şəxsi kabinet aça biləcəklər. Sonra satışa çıxarılan əmlakları görə biləcək, burada iştirak etmək üçün ərizə yaza biləcəklər. Daha sonra isə elektron hərracda iştirakı təsdiqlənəcək, elektron qaydada hərracın keçirilmə vaxtı onlara bildiriləcək. Həmin vaxt şəxsi kabinetə girdikdən sonra əmlakın satışı ilə bağlı hərracın başladığını görə biləcəklər” — R. Fətullayev Sputnik Azərbaycana deyib.

Son xəbərlər
Digər xəbərlər