10 C
Baku
Thursday, December 12, 2024

Qaz sayğaclarının hamısı bu tarixədək sıfırlanacaq

Məlum olduğu kimi, mexaniki qaz sayğaclarından istifadə edən “Azəriqaz” abonentləri üçün güzəştli limit bu il yanvar ayının 1-dən sıfırlanmalıdır. Bununla bağlı qurumdan bir neçə gün əvvəl bildirilmişdi ki, yanvarın ilk 4 günü bayram gününə düşdüyündən, qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu həmin ayın 10-dək davam edə bilər. Göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır.

Həmçinin açıqlanmışdı ki, sayğac göstəricisinin daha tez qeydə alınmasını istəyən abonentlər qurumun aidiyyəti Votsap nömrəsinə (+99477) 3 104 104) dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən etibarən sayğacın göstəricisinin fotosunu göndərməlidirlər.

Lakin prosesin başlanmasından iki gün keçsə də, hələ də abonentlər qaz sayğaclarının sıfırlanmamasından narahatdırlar.

Redaksiyamıza müraciət edən abonentlər həmin nömrəyə fotoşəkil göndərsələr də, bir nəticə olmadığını bildiriblər. Belə ki, qeyd edilən nömrəyə foto göndərən zaman onlara sıfırlanma əvəzinə videolink göndərildiyini deyirlər.

Bildirilir ki, həmin görüntülərdəki göstəricilərə əməl olunmadığı halda müraciətin qəbul olunmayacağı ilə bağlı xəbərdarlıq olunur. Qurumun qaynar xəttindən isə hazırda işlərinin çox olduğu və “nə vaxt çatdırsaq, onda sıfırlayacağıq” cavabı verilir.

Bəs bu halda abonent nə etməlidir? Yanvarın 1-dən sayğaca ödəniş daxil edən vətəndaşın ödənişi yanvarın 10-a qədər güzəştli limitlə hesablanacaqmı?

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev saytımıza bildirdi ki, vətəndaşın sayğacı hansı tarixdə sıfırlanıbsa, illik oxunuş gələn ilin həmin tarixinə qədər davam edəcək:

“Bütün proses yanvar ayının 10-dək tamamilə yekunlaşacaq. Vətəndaşın 365 günü – bir ili yanvarın 10-dan gələn il yanvarın 10-dək hesablanır. Yəni vətəndaşın 365 gününə dəyilmir”.

Qeyd edək ki, “Azəriqaz” İB mexaniki-elektron qaz sayğaclarının qeyd olunan nömrəyə göndərilən dekabrın 31-dən yanvarın 1-ə keçən gecə çəkilmiş fotoşəklinin hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacağını açıqlamışdı. Əvvəlcədən ödənişli sayğaclarda isə dekabrın 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılır.

Xatırladaq ki, “Azəriqaz” İB tərəfindən sayğacların sıfırlanması ilə bağlı problemin birdəfəlik həlli üçün həm mexaniki, həm də smart sayğaclara xüsusi cihazlar yerləşdiriləcək. Birlikdən verilən məlumata görə, bu vasitə ilə onlayn formada sərfiyyat yoxlanılacaq, onlayn ödəniş mümkün olacaq, həmçinin, limitlərinin sıfırlanması prosesi də asanlaşacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər