Bu il noyabrın 1-nə Azərbaycanda qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6 489,4 min manat ödənilməmiş borc olub.
Bu barədə “Azəristiliktəchizat” ASC-nin məlumatında bildirilir.
Bəs ödənişlərin edilməməsi nə ilə bağlıdır? Bu borc bağlanacaq, yoxsa özləri ödəməlidir?
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirilib ki, Prezidentin 23 yanvar 2017-ci il 1206 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib:
“Bu məbləğ təbii qaz, elektrik enerjisi, istilik, su və məişət tullantıları ilə bağlı xərclərin məcburi köçkünlər tərəfindən ödənilməsi üçün nəzərdə tutulub.
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün istifadəyə verilmiş qəsəbələr və yaşayış komplekslərində onların istifadə etdikləri kommunal xidmətlərə görə vəsait aidiyyəti dövlət qurumları tərəfindən yığılır. Kommunal xidmətlərdən istifadəyə görə vəsaitlərin yığılması Dövlət Komitəsinin səlahiyyətləri xaricindədir”.