8 C
Baku
Thursday, December 12, 2024

Qazaxda aqropark yaradılacaq

Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunun Canalı kəndində növbəti işgüzar forumunu keçirilib.

Banker.az nazirliyə istinadən xəbər verir ki, forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, yerli iqtisadi potensialına uyğun olaraq, aqroparkın, ixtisaslaşdırılmış “yaşıl market”in, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, ət kəsimi və süd emalı müəssisələrinin və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.

Tədbirdə SKMF-in şöbə müdiri Samir Hümbətov özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, bildirib ki, ilin əvvəlindən 1 437 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 104 mln. manat məbləğində güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 4 300-ə qədər yeni iş yerinin açılmasına imkan yaradır. Forum çərçivəsində həmçinin, rayonda fəaliyyət göstərən sahibkar tərəfindən aqroparkın yaradılması ilə bağlı güzəştli kreditin alınmasına dair müzakirələr aparılıb. S.Hümbətov məlumat verib ki, hazırda 26 rayonda 40 aqroparkın yaradılması təşviq olunur. Artıq Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarındakı aqroparklarda 1-ci mərhələ üzrə işlər başa çatdırılıb. 14 aqroparkın isə təşkili işlərinə başlanıb. Ümumi dəyəri 270 mln. manat olan 12 aqroparkın yaradılmasına 86,4 mln. manat güzəştli kredit verilib.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 1,9 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, tərəvəzçilik, otel tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 100-ə qədər yeni iş yerinin açılması nəzərdə tutulur. Ümumilikdə isə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6 450-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 237,2 mln. manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Qazax rayonunda dövlətin güzəştli krediti ayrılan meyvə-tərəvəz emalı müəssisəsinə baxış keçirilib.

Son xəbərlər
Digər xəbərlər