Qazaxıstan hökuməti əcnəbilərin xaricə gedib yenidən qayıtmaqla ölkədə qanuni qalma müddətini uzatmaq imkanını ləğv edib. Bu, normativ hüquqi aktlar bankında dərc olunan respublika hökumətinin fərmanından irəli gəlir. Qazaxıstanın “Tengrinews” xəbər portalı qeyd edib ki, qərar 2023-cü il yanvarın 26-da qüvvəyə minəcək.
Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.
Bundan sonra Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin (Aİİ-yə Qazaxıstandan başqa Rusiya, Ermənistan, Belarus və Qırğızıstan daxildir) vətəndaşları Qazaxıstanda maksimum 90 təqvim günü ərzində vizasız qala biləcəklər. Eyni zamanda qeyd olunur ki, 90 gün Qazaxıstanda olub gedən vətəndaşlar yalnız 180 gündən sonra qayıda biləcəklər.
Yeni məhdudiyyətlər Qazaxıstana viza ilə gələn və ya müvəqqəti yaşamaq icazəsi almış əcnəbilərə şamil edilmir.