16 C
Baku
Saturday, November 26, 2022

Qazaxıstan Azərbaycan ərazisindən neft nəqli üçün 3 marşrut nəzərdən keçirir

Qazaxıstanın Energetika Nazirliyi “KazMunayQaz” şirkəti ilə birgə hazırda Azərbaycan istiqamətində neft nəqli üçün üç marşrut – Aktau-Bakı-Tbilisi-Ceyhan, Aktau-Bakı-Supsa və Aktau-Bakı-Batumi marşrutunu nəzərdən keçirir.

Bu barədə nazirlik məlumat yayıb.

“Hazırda neftin ixrac istiqamətləri üzrə nəqli üçün əlavə marşrutlar hazırlanır. Həmçinin Azərbaycan tərəfi ilə nəql məsələləri ilə bağlı danışıqlar aparılır, bu istiqamətdə işlər davam etdirilir”, – nazirlikdən bildirilib.

Nazirliyin mətbuat xidmətindən əlavə edilib ki, hazırda Xəzər Boru Kəməri Konsorsiumu (CPC) Qazaxıstan yükgöndərənləri üçün ixrac baxımından neftin nəqlində ən sərfəli marşrutdur: “Əlavə marşrutların inkişafının nəzərdən keçirilməsi, onların potensialından, iqtisadi məqsədəuyğunluğundan və digər əlaqədar, o cümlədən texniki amillərdən, eləcə də Qazaxıstanda neft hasilatının artımından asılıdır”.

Oktyabrın sonunda Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, ölkə Qazaxıstandan Bakı-Supsa neft kəməri ilə ötürülməsi üçün təminatlı neft həcmlərinin nəqlini gözləyir.

Yayda “KazMunayQaz”ın idarə heyətinin sədrinin iqtisadiyyat və maliyyə üzrə müavini Dauren Karabayev Qazaxıstan neftini Azərbaycan ərazisindən nəqli ilə bağlı danışıqlar apardığını söyləmişdi. O qeyd etmişdi ki, Azərbaycanın iki neft kəməri var: Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa və onlardan potensial olaraq Qazaxıstan neftinin nəqli üçün istifadə oluna bilər.

Hazırda istismar olunmayan Bakı-Supsa kəmərinin gücü ildə 7 milyon ton neftdən artıqdır.

Son xəbərlər
Digər xəbərlər
X