-1 C
Baku
Sunday, December 15, 2024

Qazaxıstan Çin ilə yeni dəmir yolunun inşasına başlayıb

Qazaxıstan hökuməti Çin ilə nəqliyyat əlaqəsini daha da inkişaf etdirmək və beynəlxalq yükdaşımalarda fəal iştirak etmək məqsədilə yeni dəmir yolunun inşasına başlayıb.

Abay vilayətində çəkilən dəmir yolu Qazaxıstanın Baxtı yaşayış məntəqəsi ilə Çinin Çuquçak məntəqəsini birləşdirəcək. Yol istismara verildikdən sonra iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 20, tranzit yükdaşımanın həcmi isə 48 milyon tona çatacaq.

Dəmir yolu boyunca 11 stansiya, 47 körpü, 8 avtomobil və 5 piyada keçidi də tikiləcək. İki ölkəni birləşdirən dəmir yolunun tikintisi 2027-ci ildə başa çatacaq.

Qazaxıstan Avropa ilə Asiya arasındakı tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında fəal rol oynayaraq bu sahədə Azərbaycanla da yaxın əməkdaşlıq əlaqələrinə malikdir. Qazaxıstanın Trans-Xəzər və Orta Dəhliz layihələrinə qoşulması da təsadüfi xarakter daşımır.

Ötən ilin aprel ayında “Azərbaycan Dəmir Yolları” QSC ilə “Qazaxıstan Dəmir Yolları” SC arasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bunun nəticəsi olaraq cari ilin birinci yarısında Qazaxıstan ilə Azərbaycan arasında dəmir yolu daşımalarının ümumi həcmi 40 faiz artıb. Ötən illə müqayisədə cari ildə daşımaların həcmi 4 dəfə artaraq 3 milyon tona çatıb.

Mütəxəssislərin hesabatına əsasən Baxtı–Çuquçak dəmir yolu istismara verildikdən sonra tranzit yükdaşımaların həcmi daha da artacaq.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər