Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev “Süni intellekt və rəqəmsallaşma məsələləri ilə bağlı Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında” qanunu imzalayıb.
Prezidentin mətbuat xidməti bildirib ki, qanun Qazaxıstan ərazisində təminatsız rəqəmsal aktivlərin dövriyyəsini tənzimləyir. Əvvəllər təminatsız rəqəmsal aktivlərin dövriyyəsi yalnız “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin (ABMM) ərazisində həyata keçirilirdi.
İmzalanmış qanuna əsasən, ölkə ərazisində mayninq nəticəsində əldə olunan aktivlərin böyük hissəsinin ABMM birjası vasitəsilə satılması tələbi ləğv edilir. Qazaxıstanda birjaların fəaliyyəti və təminatsız kriptovalyutaların dövriyyəsi yalnız lisenziya olduqda mümkün olacaq. Kriptovalyuta mayninqi Qazaxıstanın fərdi sahibkarları və hüquqi şəxsləri üçün əlçatan olacaq.
Dəyişikliklər qanunun ilk rəsmi dərcindən 60 gün sonra qüvvəyə minəcək.







