Qazaxıstanın Milli Bankı qızıl-valyuta ehtiyatlarından kriptoaktivlərə investisiya məqsədilə 350 milyon dollara qədər həcmdə investisiya portfeli formalaşdırıb. Bu barədə tənzimləyicinin rəhbəri Timur Suleimenov faiz dərəcələri ilə bağlı brifinqdə bildirib.
Onun sözlərinə görə, tənzimləyici investisiyalar üçün istifadə ediləcək alətlərin siyahısını hazırlayır. Söhbət yalnız kriptovalyutalardan deyil, həm də onlarla əlaqəli aktivlərdən gedir. Siyahıya kriptovalyutalar və rəqəmsal maliyyə aktivləri ilə işləyən yüksək texnologiyalı şirkətlərin səhmləri, indeks fondları və dinamika baxımından kriptobazara bağlı digər maliyyə alətləri daxil ola bilər.
Milli Bankın sədr müavini Aliya Moldabekova bildirib ki, investisiyalara aprel–may aylarında başlanması planlaşdırılır. O vurğulayıb ki, söhbət kriptovalyutalara böyük həcmdə birbaşa investisiyalardan getmir; əsas diqqət rəqəmsal aktivlərin infrastrukturu ilə bağlı şirkətlərə yönələcək.
1 fevral tarixinə görə Qazaxıstanın qızıl-valyuta ehtiyatları 69,4 milyard dollar, ölkənin Qazaxıstan Milli Fondunun aktivləri isə 65,23 milyard dollar təşkil edib.





