Qazaxıstan Milli Bankı (Mərkəzi Bank) ölkədəki baza uçot dərəcəsini 12%-dən 11%-ə endirib.
“Vestifinance.ru” saytına istinadən xəbərə görə, bununla yanaşı, uçot dərəcəsi koridorunun aşağı həddi 10%, yuxarı həddi isə 13% olaraq müəyyən edilib.
Xatırladaq ki, Qazaxıstanda bu ilin yanvar ayında inflyasiya hədəflənən səviyyə – 6-8%-dək geriləyib.
Qazaxıstan Milli Bankı nın sədri Daniyar Akişevin sözlərinə görə, inflyasiya gözləntilərinin azalması, sabitliyin bərpası, daxili valyuta bazarında proqnozların verilə bilməsi, işgüzar fəallığın artması, eləcə də xarici amillərin müsbət tendensiyası pul-kredit siyasətini yumşaltmağa imkan yaradıb.
Baş bankir yeni faiz endirimi qərarının verilməsi imkanlarını hələlik məhdud hesab etdiyini bildirib.
Qeyd edək ki, Qazaxıstan 2016-cı il noyabrın 14-də uçot dərəcəsini 12,5%-dən 12%-ə endirib.