Qazaxıstan may ayından dayandırılan neft tranzitinin bərpası üçün Rusiyaya rəsmi müraciət edib. Astana “Drujba” (Dostluq) neft kəməri vasitəsilə Almaniyaya neft ixracını yenidən başlamaq istəyir.
Banker.az xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov noyabrın 4-də Astanada keçirilən mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, o, Rusiya tərəfinə tranzitin bərpası ilə bağlı müraciəti şəxsən təqdim edib. Qazaxıstan hazırda Moskvadan cavab gözləyir.
Akkenjenov vurğulayıb ki, ölkənin bu marşrutla neft ixracını bərpa etmək üçün texniki imkanları mövcuddur.
Xatırladaq ki, Rusiya mayın 1-dən Qazaxıstan neftinin “Drujba” kəməri ilə Almaniyaya tranzitini dayandırıb.
Rusiyanın baş nazirinin müavini Aleksandr Novak həmin vaxt qərarı mövcud texniki imkanlarla əlaqələndirmişdi. Qazaxıstanın energetika naziri isə qeyri-rəsmi məlumatlara əsaslanaraq fasilənin Rusiya neft infrastrukturu obyektlərinə hücumlarla bağlı ola biləcəyini bildirmişdi.
Qazaxıstan 2025-ci ildə bu marşrutla Almaniyanın Şvedt şəhərində yerləşən neft emalı zavoduna 2,1 milyon ton neft ixrac edib.
2026-cı ildə tədarükün təxminən 3 milyon tona çatdırılması planlaşdırılsa da, tranzit dayandırılanadək, yanvar-aprel aylarında cəmi 1,02 milyon ton neft göndərilib.
Almaniya üçün bu marşrutun əhəmiyyəti daha böyükdür.
Qazaxıstan nefti Şvedt neft emalı zavodunun xammal ehtiyacının təxminən 20–30%-ni qarşılayırdı. Zavod isə Berlin və Brandenburq regionunun benzin, dizel və digər yanacaq məhsulları ilə təminatında əsas rol oynayır.
Tranzitin dayandırılmasından sonra Almaniya üçün alternativ tədarük istiqamətləri kimi Polşanın Qdansk və Almaniyanın Rostok limanları nəzərdən keçirilib. Lakin bu marşrutlardan istifadə əlavə logistika xərcləri yarada bilər.
Qazaxıstan üçün isə “Drujba” nisbətən kiçik ixrac istiqamətidir. Bu marşrutla daşınan illik təxminən 2 milyon ton neft ölkənin ümumi neft ixracının 3%-dən azını təşkil edir.
Qazaxıstan neft ixracının təxminən 80%-ni Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə həyata keçirir.
May ayında “Drujba” marşrutu bağlandıqdan sonra Qazaxıstan həmin istiqamətə nəzərdə tutulan neftin bir hissəsini CPC sistemi və Rusiyanın Baltik dənizində yerləşən Ust-Luqa limanı vasitəsilə ixraca yönəldib.
Noyabrın 3-də Qazaxıstanın Atırau–Samara neft kəməri ilə daşımalar da qısamüddətli fasilədən sonra bərpa olunub. Lakin bu, Almaniyaya “Drujba” xətti ilə tranzitin yenidən başladığı anlamına gəlmir.
Hələlik Rusiyanın Qazaxıstanın müraciətinə hansı cavabı verəcəyi və Almaniyaya neft tədarükünün nə vaxt bərpa olunacağı məlum deyil.








