Qazaxıstan “OPEC+” razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində 2024-cü ilin birinci yarısında qeydə alınan neftin artıq istehsalını 2025-ci ilin sentyabrına qədər kompensasiya edəcək.
Bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, “OPEC+” nazirlərinin 37-ci iclasının qərarından sonra Qazaxıstan təfərrüatlı təzminat planı hazırlayıb və ona əsasən ilin birinci yarısında qeydə alınan artıq istehsalı 2025-ci ilin sentyabrına qədər mərhələli şəkildə kompensasiya edəcək.
“Qazaxıstan “OPEC+” sazişinə sadiqliyini bir daha təsdiq edir və OPEC+ üzv ölkələri ilə birgə qəbul edilən qərarları dəstəkləyir”, – məlumatda qeyd olunur.
Bildirilir ki, Qazaxıstan öz öhdəliklərini yerinə yetirmək və planlaşdırılmış kompensasiya planına uyğun olaraq artıq istehsalın kompensasiyasını ödəmək üçün bütün səylərini göstərəcək.