Qazaxıstan Mərkəzi Bankının sədri Timur Süleymanov tengeyə bağlı ilk steyblkoinin istifadəyə verildiyini açıqlayıb. Məlumata görə, bu alət vasitəsilə kriptovalyutaların mübadiləsi və ödənişləri mümkün olacaq.
“Steyblkoin — maliyyə və ödəniş vasitəsidir, hansı ki maliyyə dünyasında mühüm dönüş yaradıb. İlk dəfədir ki, Qazaxıstanda belə bir layihə işə salınır. Tənzimləyici “Solana”, “Mastercard” və Avrasiya Bankı ilə birlikdə tenge ilə nominasiya olunan steyblkoin layihəsinə start verir”, — deyə Süleymanov bildirib.
Qazaxıstanın işə saldığı ilk steyblkoin “Evo” adlanır və ingiliscə “evolution” (təkamül) sözündən götürülüb. O, tengeyə 1:1 nisbətində bağlıdır. Hazırda Qazaxıstanda birbaşa steyblkoinlərlə mal və xidmətlərə ödəniş etmək mümkün olmasa da, vətəndaşlar onları buraxa və öz vəsaitlərini saxlaya bilərlər.
Süleymanovun sözlərinə görə, tengeyə bağlı steyblkoin layihəsi Mərkəzi Bankın hazırlanmaqda olan səkkiz layihəsindən biridir. Onların arasında daşınmaz əmlakın və real sektorun digər aktivlərinin tokenləşdirilməsi də var.
Xatırladaq ki, 2025-ci ilin iyulunda Özbəkistan dövlət istiqrazları ilə təmin olunan öz tokenini — HUMO-nu istifadəyə verib. Layihənin müəllifləri bu tokenin xarici investisiyaların cəlbinə, biznes üçün hesablaşmaların sadələşməsinə və maliyyə əməliyyatlarının şəffaflığının artmasına kömək edəcəyini gözləyirlər.