Qazaxıstanın qaz tranzit potensialının tam şəkildə istifadəsi üzərində iş aparılır.
Qazaxıstanın Energetika Nazirliyinin məlumatına əsasən, bu barədə ölkənin energetika naziri Almasadam Satkaliyev hökumətin iclasında ölkənin qaz sənayesinin inkişafı məsələsi ilə bağlı məlumatında deyib.
Nazir bildirib ki, 2023-cü ilin oktyabr ayında Rusiya qazının Özbəkistana tranzitinə başlanıb. Həmin il 1.28 milyard kubmetr qaz nəql edilib ki, bu il bu rəqəmin 3.8 milyard kubmetrə, gələcəkdə isə il ərzində 11 milyard kubmetrə qədər artırılması planlaşdırılır.
Nazir, həmçinin vurğulayıb ki, Türkmənistan və Özbəkistan qazının Çinə tranziti davamlı artmaqdadır. Bu il qaz nəqlinin 37.1 milyard kubmetrə çatdırılması planlaşdırılır (keçən illə müqayisədə 1.5 milyard kubmetr artıq).
Bundan əlavə, Rusiya qazının Qırğızıstana tranzitinin artırılması məsələsi də müzakirə mərhələsindədir.