“Qazaxıstan və Türkiyə dövlətlərarası ticarət dövriyyəsini 10 milyard ABŞ dollarına çatdırmaq niyyətindədir”.
Bu barədə Astanada keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasında Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayev bildirib.
Onun sözlərinə görə son 15 ildə Ankara Qazaxıstana 4,35 milyard dollar sərmayə qoyub.
“Ölkəmiz isə Türkiyəyə 1,13 milyard dollar sərmayə qoyub. Türkiyə Qazaxıstanın ən böyük 10 investoru sırasındadır”, – deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, tranzit və nəqliyyat əlaqələri ikitərəfli ticarət potensialının yaradılmasında mühüm rol oynayır.
“Biz nəqliyyat xərclərini və çatdırılma müddətlərini azaltmaq üçün Transxəzər Dəhlizinin inkişafına çağırırıq. Bugünkü iclasda biz bu məsələni müzakirə etdik və ümumi fikrə gəldik. Bu ilin iyununda Bakıda üçtərəfli formatda görüş keçirilib. Biz bu ənənəni davam etdirmək niyyətindəyik. Növbəti görüşün Aktauda keçirilməsini təklif edirik”, – deyə Kasım-Jomart Tokayev bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz növbəsində hər şeyin plan üzrə getdiyini vurğulayıb.
“Nəqliyyat və logistika sektorunda əməkdaşlığımız bizə imkan verir ki, qarşıya qoyduğumuz orta müddətli hədəflərə tez nail olaq. Xəzərin əhəmiyyəti getdikcə artır. Bakıda keçirilən üçtərəfli görüş uğurla keçdi. Ümid edirik ki, Aktauda keçiriləcək görüş bu işi irəli aparmağa imkan verəcək. Biz qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün dünya birliyi qarşısında öhdəliklərimizi layiqincə yerinə yetiririk. Hesab edirəm ki, bu baxımdan buğda ilə zəngin Qazaxıstanın potensialından istifadə etmək olar”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.