13 C
Baku
Thursday, November 7, 2024

Qazaxıstan Xəzəri neft dağılmalarına qarşı xidmət yaratmağı təklif edir

Qazaxıstanın Manqistau vilayətinin limanlarında Xəzər dənizini neft dağılmalarından təmizləmək üçün dəniz xilasetmə xidməti yaratmaq lazımdır.

Bunu Qazaxıstan Senatının deputatı Suindik Aldaşev bildirib.

Onun sözlərinə görə, ötən il Xəzərin Qazaxıstan sektorunda 15 milyon ton neft hasil olunub ki, bunun da 2,2 milyon tonu Aktau limanından nəql edilib: “Bundan başqa, 2020-ci ildə Aktau və Kurık dəniz limanlarına 1,2 min dəfədən çox gəmilər daxil olub. 2025-ci ilə qədər bu rəqəmin iki dəfə artacağı gözlənilir”.

S. Aldaşevin fikrincə, bütün bunlar Xəzərin çirklənmə riskini artırır: “Bunun üçün də indi Manqistau vilayətinin limanlarında ayrıca bir dəniz əməliyyat və xilasetmə xidməti yaratmaq vacibdir. Xəzər dənizinin çirklənməsinin əsas təhlükəsi hasilat və nəqletmə zamanı neft və neft məhsullarının dağılmasıdır. Bunun üçün də dəniz səthinin çirklənmə sahəsindəki artımın qarşısını almaq və neft dağılmalarını aradan qaldırmaq üçün böyük təşkilati, texniki və texnoloji səylər tələb olunur. Təəssüf ki, bugünkü gün respublikada xüsusi avadanlıq və materiallar ilə təchiz edilmiş, kifayət qədər ixtisaslı və təcrübəli mütəxəssislər, xilasediclər çatışmır”.

Senatorun sözlərinə görə, belə bir xidmətin yaradılmasının digər bir səbəbi də dünya təcrübəsində suda texnogen təhlükəsizliyin təmin edilməsində istifadə edilən metodların yerüstü tədbirlərdən kökündən fərqli olmasıdır: “Ölkənin Fövqəladə Hallar Nazirliyində mövcud qüvvələr və vasitələr, o cümlədən operativ xilasetmə qrupları bu cür tapşırıqları yerinə yetirməyə qadir deyillər”.

Senator həmçinin əlavə edib ki, bu cür xüsusi dəniz operativ xilasetmə xidmətləri artıq digər Xəzəryanı ölkələrdə, xüsusən də Azərbaycan, Rusiya və Türkmənistanda yaradılıb və fəaliyyət göstərirlər.

Son xəbərlər
Digər xəbərlər