Qazaxıstanın bütün maliyyə təşkilatları antiterror əməliyyatı və internetdə fasilələr fonunda fəaliyyətini dayandırıb.
Bu barədə “Xabar 24” telekanalı Milli Bankın mətbuat katibi Oljas Ramazanova istinadən xəbər verib.
“Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi və Qazaxıstan Milli Bankı hüquq-mühafizə orqanları tərəfindən antiterror əməliyyatlarının aparılmasını və internetdə müvəqqəti fasilələri nəzərə alaraq, bütün maliyyə təşkilatlarının fəaliyyətinin müvəqqəti dayandırılması barədə məlumat verir”, – Ramazanov bildirib.
O qeyd edib ki, bu tədbir həm də maliyyə qurumlarının əməkdaşlarının və müştərilərinin sağlamlığının və həyatının qorunmasına yönəlib.
“Sputnik Qazaxıstan” isə xəbər verib ki, səhər saatlarında Almatı küçələrində etirazçılar olmayıb. Agentliyin məlumatına görə, şəhərdə çoxlu mağazalar qarət edilib, şüşələr sındırılıb, işıqforlar yerindən çıxarılıb. Qeyd edilir ki, PDM-lər və zirehli maşınlar Almatının mərkəzində talançıları əhatəyə alıb. Məlumata görə, şəhərin küçələrində talançılara qarşı xüsusi əməliyyata başlanılıb. Əməliyyatda güc strukturlarının əməkdaşları ilə yanaşı hərbçilər da iştirak edir.
İğtişaşlar zamanı şəhərə külli miqdarda ziyan dəyib, radikallar inzibati binaları və avtomobilləri yandırıblar. Mağazaların və bankomatlarln şüşələri sındırılıb. Talançılar eyni zamanda şəhərin bir neçə iri ticarət mərkəzini qarət ediblər.